Hanoy Universitetində Azərbaycan-Vyetnam strateji tərəfdaşlığına həsr olunmuş tədbir keçirilmişdir
Hanoy Universitetində 2025-ci ildə Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının qurulmasına həsr olunmuş “2025-ci ildə strateji tərəfdaşlığın qurulması və Ümummilli Liderlərin rolu” mövzusunda tədbir və film nümayişi keçirilmişdir.
Tədbirdə Vyetnamın dövlət və hökumət qurumlarının nümayəndələri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, Hanoy Universitetinin tələbə-müəllim kollektivi, əvvəllər Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, media nümayəndələri, Qazaxıstan və Türkiyənin Vyetnamdakı səfirləri iştirak etmişdir.
Tədbirdə çıxış edən səfir Şövqi Mehdizadə Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərləri ilə ölkələrimiz arasında dostluq münasibətlərinin əsasının qoyulduğunu bildirmişdir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin may ayında Azərbaycana dövlət səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə tarixi görüşləri nəticəsində bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunaraq, xalqlarımız arasında tarixi münasibətlərin qurulması və inkişafında ümummilli liderlərin rolu barədə ətraflı məlumat verilmiş və hazırda bu münasibətlərin iki ölkənin liderləri tərəfindən uğurla inkişaf etdirildiyi diqqətə çatdırılmışdır.
Qazaxıstanın Vyetnamdakı səfiri Kanat Tumış çıxış edərək xalqlarımız arasında sovetlər dövründən yaranan tarixi münasibətlər barədə danışmış, türk dövlətlərinin Vyetnamla əlaqəsinin günü-gündən gücləndiyini qeyd etmişdir.
Daha sonra Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama, Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya və Alma-Ataya, Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın cari ildə Azərbaycana səfərlərini özündə əks etdirən video-çarx göstərilmişdir.
Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama tarixi səfərinə həsr olunmuş "Vyetnam səfəri" filminin Vyetnam dilində ilk dəfə təqdimatı keçirilmiş və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbir zamanı, həmçinin Ulu Öndər Heydər Əliyevin portretinin müəllifi, tanınmış rəssam xanım Van Duong Thanha Səfirliyin təşəkkür sertifikatı təqdim olunmuşdur.
Tədbir Vyetnam mediasında geniş işıqlandırılmışdır.









