Azərbaycan 13-cü Beynəlxalq Kulinariya Mədəniyyəti Festivalında təmsil olunmuşdur
22-23 noyabr 2025-ci il tarixində Vyetnamın Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Hanoy şəhərində keçirilmiş sayca 13-cü “Beynəlxalq Kulinariya Mədəniyyəti Festivalı” adlı xeyriyyə yarmarkasında Səfirliyimiz iştirak etmişdir.
Festivalın açılış mərasimində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın həyat yoldaşı xanım No Fon Li, dövlət və hökumət rəsmiləri, Vyetnamda akkreditə olunmuş çoxsaylı diplomatik missiya rəhbərləri, bölgələrin təmsilçiləri, habelə qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak etmişlər.
Festival zamanı ölkəmizə aid milli suvenirlər, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini, həmçinin Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın bu ilin may ayında Bakıya dövlət səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü özündə əks etdirən portretlər və digər təbliğat materialları nümayiş etdirilmiş, iştirakçılara və qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri (qutab, dolma, plov, müxtəlif növ kabablar və Azərbaycan çayı) təqdim edilmişdir.
Tədbirdə Səfirlik tərəfindən Vyetnama dəvət edilmiş beynəlxalq kulinariya sahəsində tanınmış aşpaz, Dünya Barbekü Assosiasiyasının (WBQA) vitse-prezidenti, Dünya Aşpazlar Assosiasiyasının (WACS) rəsmi hakimi, həmyerlimiz Sahib-David İsrafilov tərəfindən müxtəlif növ milli yeməklər qonaqlara təqdim olunmuşdur. Festival zamanı yerli sakinlər və xarici turistlər tərəfindən ən çox ziyarət olunan Azərbaycan pavilyonu olmuşdur.
Digər tədbirlər zamanı olduğu kimi, bu festivalda da Səfirliyin tərəfdaşı qismində Hanoy Ticarət və Turizm Kolleci çıxış etmiş, Kollecin tələbələri ölkəmizin pavilyonunda köməklik göstərmişlər.
Tədbir Vyetnam mediasında geniş işıqlandırılmışdır.












