2024-12-24

Vyetnam Dostluq Assosiasiyaları İttifaqında Ulu Öndər Heydər Əliyevin portretinin təqdimatı keçirilib

19 dekabr 2024-cü il tarixində Səfirliyin təşəbbüsü ilə Vyetnam Dostluq Assosiasiyaları İttifaqında Ulu Öndər Heydər Əliyevin vyetnamlı rəssam tərəfindən çəkilmiş portretinin təqdimatı keçirilib.

Tədbirdə İttifaqın rəhbərliyi, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri, fəxri sədri və üzvləri, Vyetnamın dövlət qurumlarının nümayəndələri, əvvəllər Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, media nümayəndələri, eləcə də bu ölkədə səfərdə olan Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti iştirak edib.

Tədbirdə çıxış edən səfir Şövqi Mehdizadə Azərbaycan və Vyetnam xalqlarının xoşbəxt xalqlar olduğunu, 20-ci əsrdə xalqlarımızın Heydər Əliyev və Ho Şi Min kimi liderlərinin olmasının bizim ölkələr və xalqlarla yanaşı yerləşdiyimiz bölgələrin digər dövlət və xalqları üçün də tarixi əhəmiyyət kəsb etdiyini bildirib. Səfir Azərbaycan dövlət başçısının müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ulu Öndərin sovet dövründə Vyetnama yüksək səviyyəli nümayəndə heyətinin rəhbəri qismində rəsmi səfərinin 40 illiyinin tamam olması ilə əlaqədar Səfirlik tərəfindən müxtəlif tədbirlər və layihələrin keçirildiyi haqda məlumat verərək, Heydər Əliyevin Vyetnama xüsusi diqqətini qeyd edib.

2024-cü ilin Prezident Ho Şi Minin Azərbaycana səfərinin 65 illik yubileyi ilə yaddaqalan olduğunu qeyd edən səfir bunun əlamətdar hadisə olduğunu xüsusi vurğulayaraq, liderlərimiz tərəfindən əsası qoyulan bu dostluğun bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Səfir həmçinin Heydər Əliyevin Vyetnama və Prezident Ho Şi Minin Bakıya səfərinə dair arxiv sənədləri əsasında Səfirliyin təşəbbüsü ilə İctimai TV tərəfindən “Vyetnam səfəri” sənədli filminin hazırlandığını, habelə elmi məqalələr və digər layihələr üzrə işlərə başlanıldığını bildirib.

Öz növbəsində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Danq Te Vin çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyev və onun Azərbaycan-Vyetnam münasibətlərində mühüm rolu, o cümlədən iki ölkə arasındakı tarixi əlaqələr barədə danışıb. O, Azərbaycan ilə Vyetnam arasında tarixi dostluq əlaqələrinin yaranmasında hər iki ölkənin liderlərinin rolu haqqında məlumat verərək, Ulu Öndərin Vyetnam xalqının böyük dostu olduğunu və Vyetnamla əlaqələrə hər zaman xüsusi önəm verdiyini qeyd edib. Danq Te Vin Heydər Əliyevin 1983-cü ildə Sovet İttifaqı nümayəndə heyətinin rəhbəri kimi Vyetnama rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını, eləcə də minlərlə vyetnamlı tələbələrin dövlət xətti ilə Azərbaycanda təhsil almasında və Vyetnamda neft sənayesinin qurulmasında Ulu Öndərin müstəsna rolunun olduğunu vurğulayıb.

Çıxışların ardından Ümummilli Liderin fəaliyyətinin Vyetnamla bağlı dövrünə həsr olunmuş “Vyetnam səfəri” sənədli filmi yerli dildə nümayiş olunub. Bundan başqa, Prezident Ho Şi Minin Azərbaycana səfərinə dair arxiv sənədlərindən ibarət təqdimat iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra Ulu Öndər Heydər Əliyevin portretinin təqdimatı keçirilib. Vyetnam Dostluq Assosiasiyaları İttifaqının konfrans zalında digər ölkələrin görkəmli şəxslərinin portretləri ilə yanaşı, Heydər Əliyevin portreti daimi nümayiş etdiriləcək.

Tədbir iştirakçıları Ulu Öndərin Vyetnama tarixi səfərini əks etdirən fotosərgi ilə tanış olub.

Arxiv üzrə axtarış