Azərbaycanın Vyetnamdakı Səfirliyi xeyriyyə aksiyası keçirmişdir
Ötən il olduğu kimi bu il də Azərbaycanın Vyetnamdakı Səfirliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə xeyriyyə aksiyası keçirmişdir. Aksiya Vyetnamın “Making Dreams Come True” Könüllülər Təşkilatı ilə birgə həyata keçirilmişdir.
Aksiya çərçivəsində Səfirliyin əməkdaşları paytaxt Hanoy şəhərində yerləşən “Benh Vien” milli onkologiya xəstəxanasında onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlarla və onların ailə üzvləri ilə görüş keçirmişlər. Görüş zamanı Səfirliyin əməkdaşları Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə onları təbrik etmiş və Səfirlik tərəfindən 1-16 yaşlı 100 nəfər uşağa müxtəlif hədiyyələr təqdim etmişdir.
Xeyriyyə aksiyası “Benh Vien” milli onkologiya xəstəxanası tərəfindən təşkil olunmuş konsert proqramı ilə davam etmişdir. Tədbir zamanı çıxış edən “Benh Vien” xəstəxanasının direktor müavini Tran Van Thuan Səfirliyin əməkdaşlarına öz təşəkkürünü bildirmiş və onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar tərəfindən çəkilmiş rəsmlər Səfirliyə xatirə olaraq təqdim olunmuşdur.