Bakıda “Vyetnam Günləri”nin rəsmi açılış mərasimi keçirilib
Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda 2025-ci ilin 26-29 iyul tarixlərində sayca 3-cü “Vyetnam Günləri” keçirilmişdir. 2025-ci ilin iki ölkə arasında Strateji Tərəfdaşlıq ili olması tədbirə xüsusi əhəmiyyət vermişdir. Tədbirlərdə iştirak məqsədi ilə Vyetnamdan çoxsaylı qonaqlar- musiqiçilər, rəssamlar, yazıçılar, alimlər, iş adamları və rəsmi şəxslər Bakıya səfərə gəlmişlər.
Tədbirlər 2025-ci ilin iyulun 26-sı Vyetnam nümayəndə heyətinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəki (ADNSU) Vyetnamın xalqının Lideri Prezident Ho Şi Minin Memorial otağının ziyarət etməsi ilə başlanılıb. Otağın açılışı Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin 7-8 may tarixlərində Azərbaycana dövlət səfəri zamanı Vyetnamın PetroVyetNam və SOCAR şirkətinin dəstəyi ilə baş tutmuşdur. Qonaqları rektor Rüfət Əzizov salamlamışdır.
Bundan sonra Bakının mərkəzində, İçərişəhərdə Qız Qalası meydanında “Vyetnam Günləri”n açılış mərasimi – konsert və kulinariya proqramı keçirilmişdir. Gün ərzində qonaqlara ənənəvi Vyetnam çayı və qəhvəsinin dequstasiyası, Vyetnam rəssamlarının əsərləri və hədiyyələr təqdim edilmişdir.
Axşam saatlarında Qız Qalasının qarşısındakı meydanda Azərbaycan Səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Hanoy Ticarət və Turizm Kollecinin birgə təşkilatçılığı ilə “Vyetnam Günləri”nin rəsmi açılış mərasimi baş tutmuşdur. Tədbirə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, energetika nazirinin müavini Orxan Zeynalov, Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Hicran Hüseynova, qrupun digər üzvləri, millət vəkilləri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri Rüfət Mahmud, səfir habelə, şəhərin sakinləri və xarici qonaqlar qatılmışdır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşəbbüsü və rəhbərlik etdiyi idarəsinin dəstəyi ilə reallaşan bu tədbir iki qədim Şərq mədəniyyətini bir araya gətirib. Qoruğun rəhbəri sayca üçüncü dəfə keçirilən “Vyetnam Günləri”nin iki ölkə arasında dostluq və əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.
Vyetnam nümayəndə heyətinin rəhbəri, Hanoy Ticarət və Turizm Kollecinin rektoru Trinh Thi Thu Ha və Vyetnamın Siyasət İdarəetmə və İnkişaf Strateji İnstitutunun (IPADS) direktoru xanım Le Nquyen Thien Nqa öz çıxışlarında bildiriblər ki, Strateji Tərəfdaşlığın elan olunduğu ildə keçirilən bu tədbir Azərbaycan və Vyetnam arasında dostluq və əməkdaşlıq körpüsünün daha da möhkəmləndirilməsi məqsədi daşıyır.
Açılış mərasimindən sonra Vyetnamın milli geyimlərinin Au Zay (Ao Dai) təqdimatı keçirilib, Vyetnamın tanınmış ifaçıları Nguyen Dinh Hao, xanım Ngo Huong Diep, xanım Phan Thi Minh Chau və xalq artisti xanım Fidan Hacıyevanın iştirakı ilə konsert proqramı baş tutmuş, ziyarətçilərə Vyetnam mətbəxinin ləziz nümunələri təqdim edilmişdir. Tədbir bir neçə saat davam etməsinə baxmayaraq, qonaqlar sonadək fəal iştirak etmişlər.
Günlər ərzində qonaqlar Azərbaycanın müxtəlif qurumlarını – Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Televiziyası, Milli Elmlər Akademiyası, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini ziyarət edərək, tanışlıq görüşləri keçirmiş və əməkdaşlıq əlaqələrinin əsası qoyulmuşdur.
“Vyetnam Günləri”nin sonuncunu axşamı Azərbaycan Respublikasının Energetika Nazirliyi, “İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam hökumətlərarası komissiya”nın Azərbaycan tərəfindən həmsədri cənab Pərviz Şahbazovun adından qonaqlara və iştirakçılara ziyafət verilmişdir.
“Vyetnam Günləri”nin təşkilində, eyni zamanda, Vyetnamın PetroVietNam və “ROX Group” şirkətləri tərəfindən böyük dəstək göstərilmişdir.
Tədbir Azərbaycanın əksər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş işıqlandırılmışdır.























