2024-12-02

Vyetnamda keçirilmiş “Hanoy Qida Mədəniyyəti Festivalı 2024”də Azərbaycanın Vyetnamdakı Səfirliyi iştirak etmişdir

2024-cü ilin 29 noyabr – 1 dekabr tarixlərində Vyetnamda Hanoy Xalq Komitəsinin və Hanoy Dostluq Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Hanoy Qida Mədəniyyəti Festivalı 2024” keçirilmişdir.

Festivalda Azərbaycan Respublikasının Vyetnamdakı Səfirliyi ilə yanaşı Əlcəzair, Argentina, Braziliya, Hindistan, İran, Yaponiya, Laos, Rusiya, Şri Lanka, Türkiyə, Cənubi Koreya, Fransa və İtaliya Səfirlikləri iştirak etmişlər.  

Azərbaycan Səfirliyinə ayrılmış pavilyonun tərtibatında ölkəmizin qədim tarixi abidələrini, müasir infrastrukturunu və turizm potensialını nümayiş etdirən banner, Səfirlik tərəfindən Vyetnam dilində çap olunmuş kitab, broşür və digər təbliğat materialları, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini özündə əks etdirən portretlər və ölkəmizə aid suvenirlərdən istifadə olunmuşdur. Səfirlik tərəfindən tədbirə xüsusi dəvət edilmiş Dünya Aşbazlar Assosiasiyasının üzvü, həmyerlimiz, tanınmış aşbaz David İsrafilov tərəfindən hazırlanmış kabablar və digər ət yeməkləri, habelə həmyerililərimiz tərəfindən bişirilmiş yeməklər (dolma, Qarabağ kətəsi, dovğa və s.) qonaqlara təklif olunmuşdur. Üç gün ərzində keçirilən festival zamanı yerli sakinlər və xarici turistlər tərəfindən ən çox ziyarət olunan Azərbaycan pavilyonu olmuşdur. Digər tədbirlər zamanı olduğu kimi, bu festivalda da Səfirliyin tərəfdaşı qismində Hanoy Ticarət və Turizm Kolleci çıxış etmiş, Kollecin tələbələri ölkəmizin pavilyonunda köməklik göstərmişdirlər.

Rəsmi açılış mərasimindən sonra Vyetnamın Mədəniyyət, İdman və Turizm nazirinin müavini Ta Quang Donq Azərbaycan pavilyonuna yaxınlaşaraq, sərgilənən əşya və təbliğat materialları ilə yaxından tanış olmuş, mətbəx nümunələrimizdən dadmış, pavilyonun qarşısında xatirə fotoşəkili çəkdirmişdir.

Arxiv üzrə axtarış