2025-02-03

Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən göstərilən konsulluq xidmətləri üçün öncədən vaxt təyin etmək məqsədilə Elektron Növbə Portalından istifadə edilməlidir. Müraciət edən şəxslər növbəni appointment.mfa.gov.az internet səhifəsi vasitəsilə təyin edə bilərlər.

Qeyd: Növbələr bir şəxs üçün nəzərdə tutulub və göstəriləcək xidmətə uyğun olaraq təyin edilməlidir.


Azərbaycan Respublikası vətəndaşına ümumvətəndaş pasportu 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Əsasnamə” ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.

Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin Konsulluq bölməsinə müraciət etməli, pasport üçün şəkil çəkdirməli, əl-barmaq izlərini verməli və imza çəkməlidir. Bununla yanaşı, aşağıda göstərilən sənədlər təqdim olunmalıdır. Nəzərə alınmalıdır ki, Səfirliyin Konsulluq bölməsində yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi prosesi 3 (üç) ayadək davam edə bilər. 

Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

18 yaşı tamam olmuş şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun əsli və surəti;
  2. Ümumvətəndaş pasportunun verilməsi haqqında doldurulmuş ərizə-anket (Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8  saylı qrafaları tam doldurulmalı və şəxsi imzası qrafasında imza atılmalıdır);
  3. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (Diqqət! Fotoşəkillər ərizə-anket üçün tələb olunur!); 
  4. Konsulluq qeydiyyatı haqqında anket;
  5. 18-30 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən hərbi biletin əsli və surəti və ya möhlət hüququnu təsdiq edən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbəsinin arayışı;
  6. Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz (Diqqət!: Səfirlikdə nağd ödənişlər qəbul olunmur). 

Səfirliyin Konsulluq bölməsinin bank rekvizitləri:

Embassy’s consular account: 0011374219451

Name: EMBASSY OF AZERBAIJAN

Swift: BFTVVNVX

Bank: Vietcombank

Qeyd: Konsulluq əməliyyatları üçün müvafiq dövlət rüsumları yalnız yuxarıdakı bank hesabına köçürülməlidir. Müvafiq rüsumlar bank hesabına köçürüldükdən sonra Səfirliyə ödəniş qəbzi və ya hesabdan çıxarış yalnız çap olunmuş vəziyyətdə təqdim olunmalıdır. 

Diqqət!: 18-30 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi və ya dəyişdirilməsi üçün sənədlər təqdim edildikdə həmin şəxsin hərbi biletinin əsli və ya möhlət hüququnu təsdiq edən müvafiq hərbi komissarlığın arayışı təqdim edilməlidir. Sözügedən sənədi təqdim etməyən şəxslərin pasport ilə bağlı müraciətləri qəbul edilmir və hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə yeni ümumvətəndaş pasportu məhdudiyyət aradan qalxanadək rəsmiləşdirilmir.  

 

18 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti, 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə isə doğum haqqında şəhadətnamənin əsli (və onun Azərbaycan dilinə tərcüməsi) və surəti;
  2. 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə qan qrupu haqqında arayış;
  3. Ümumvətəndaş pasportunun verilməsi haqqında doldurulmuş ərizə-anket (Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7, 1.8  saylı qrafaları tam doldurulmalı və şəxsi imzası qrafasında imza atılmalıdır);
  4. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (Diqqət! Fotoşəkillər yalnız ərizə-anket üçün tələb olunur. Pasport üçün şəkil Səfirliyin Konsulluq bölməsində çəkilir); 
  5. Konsulluq qeydiyyatı haqqında anket;
  6. Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin razılıq ərizəsi. Razılıq ərizəsi əvvəlcədən doldurulmalı və hər iki valideyn Səfirliyin Konsulluq bölməsinə şəxsən gəldiyi halda, razılıq ərizəsi konsulluqda valideynlər tərəfindən şəxsən imzalanmalıdır. Valideynlərdən biri və ya hər ikisi konsulluğa gəlmədiyi halda konsulluğa gəlməyən valideynin və ya valideynlərin razılıq ərizəsi notarial qaydada təsdiq edilməlidir. Razılıq ərizəsi Azərbaycan dilində tərtib olunmalıdır;
  7. Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (pasport və ya şəxsiyyət vəsiqələri);
  8. Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz (Diqqət!: Səfirlikdə nağd ödənişlər qəbul olunmur). 

Səfirliyin Konsulluq bölməsinin bank rekvizitləri:

Embassy’s consular account: 0011374219451

Name: EMBASSY OF AZERBAIJAN

Swift: BFTVVNVX

Bank: Vietcombank

 

Diqqət!: Sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə yuxarıda qeyd olunan dövlət rüsumu ilə yanaşı, ümumvətəndaş pasportun rəsmiləşdirilməsi üçün müraciət etməzdən öncə və ya pasport üçün müraciət etdikdən sonra on iş günü ərzində ASAN Xidmətdə dövlət rüsumu ödənilməlidir. Qeyd edilən dövlət rüsumunun həmçinin ASAN ödəniş sistemi (https://www.asanpay.az) vasitəsilə onlayn şəkildə ödənilməsi mümkündür (qeyd edilən portallarda ödənişi yalnız etibarlıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsi ilə etmək mümkündür). Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, eləcə də itirilməsi və ya korlanması ilə bağlı dövlət rüsumunun məbləği barədə ətraflı məlumat https://asan.gov.az/az/service/asan-xidmetler/uemumvetendas-pasportlarinin-verilmesi-ve-deyisdirilmesi internet səhifəsindən əldə edilə bilər. 

Yeni ümumvətəndaş pasportu hazır olduqda vətəndaşlar pasportunu şəxsən Səfirliyin Konsulluq bölməsindən qəbul saatları zamanı növbə götürmədən təhvil ala bilərlər. Səfirliyin Konsulluq bölməsinin QƏBUL GÜNLƏRİ VƏ SAATLARI: çərşənbə axşamı və cümə axşamı saat 10:00-dan 12:00-dək.

Ümumvətəndaş pasportu itirildikdə və ya oğurlandıqda polis və ya müvafiq səlahiyyətli qurumun arayışı təqdim edilməlidir.

 

Qeydlər:

  • 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.
  • 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
  • Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
  • Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
  • Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa ümumvətəndaş pasportunun verilməsi üçün sənədləri onun qanuni nümayəndəsi təqdim edir. Bu zaman şəxs qanuni nümayəndəlik hüququnu təsdiq edən sənədləri də təqdim etməlidir.
  • Etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir.

Arxiv üzrə axtarış