27 oktyabr tarixində “Yaqi” qasırğasından zərərçəkmiş Yen Bai əyalətinin Mu Canq Cai rayonunun etnik azlıqlar üçün ibtidai və orta internat məktəbində “Uşaqlar üçün kulinariya” tədbiri keçirilmişdir
2024-cü ilin sentyabr ayında Vyetnamda baş vermiş “Yaqi” qasırğasından zərərçəkmiş Yen Bai əyalətinin Mu Canq Cai rayonunun etnik azlıqlar üçün ibtidai və orta internat məktəbində cari ilin 27 oktyabr tarixində məktəblilər üçün Azərbaycan və Qazaxıstanın Vyetnamdakı Səfirlikləri tərəfindən “Uşaqlar üçün kulinariya” tədbiri keçirilmişdir.
Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycan və Qazaxıstana səfərinin 65 illiyinə həsr olunmuş tədbir Hanoy Ticarət və Turizm Kolleci, Nha Trang Bay Qrupu və Dünya Barbekü Assosiasiyasının nümayəndəsinin dəstəyi ilə həyata keçirilmişdir. Tədbirdə əyalətin Xalq Komitəsinin sədri Tran Huy Tuan və bölgənin digər rəsmi şəxsləri, həmçinin Səfirliyimiz tərəfindən dəvət olunmuş Pakistan, Əlcəzair, Monqolustan və Cənubi Afrikanın Vyetnamdakı səfirləri iştirak etmişlər.
Tədbiri qırış sözü ilə acan Tran Huy Tuan, məktəblilər üçün təşkil olunmuş bu tədbirə görə təşkilatçılara dərin təşəkkürünü bildirərək, Yen Bai əyalətində yaşayan bir çox etnik azlıqların mədəni kimliyinin zənginliyindən, əyalətin müxtəlif təbii sərvətlərindən, təmiz ekoloji mühit və əzəmətli təbiətindən danışmışdır. O, əməkdaşlıq, investisiya və inkişaf fəaliyyətləri üçün çoxlu imkanlar vəd edən əyalətin potensialının malik olduğunu qeyd etmişdir. Komitə sədri qasırğa nəticəsində bölgəyə ciddi ziyanla yanaşı, əhali və uşaqlara sarsıntı verdiyini vurğulamışdır.
Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə çıxış edərək, qonaqpərvərliyə görə əyalətin rəhbərliyinə təşəkkürünü ifadə edərək, Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya və Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama tarixi səfərləri ilə iki ölkə arasında dostluq münasibətlərinin əsası qoyulduğunu vurğulamışdır.
Səfir Ho Şi Minin Azərbaycana və Qazaxıstana səfərinin 65 illik yubileyi ilə əlaqədar keçirilən bu tədbir, eyni zamanda 1983-cü ilin 26 oktyabr tarixində ölkəmizin Ümummilli Lideri Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama tarixi səfərinin ilk günü ilə üst-üstə düşdüyü təsadüf etdiyini, Ulu Öndərin Vyetnam xalqının hər zaman əsl dostu olduğunu bildirmişdir.
Səfir çıxışında Hanoy Ticarət və Turizm Kollecinin fəaliyyətini yüksək qiymətləndirərək, “Yaqi” qasırğasından zərərçəkmiş bölgənin məktəbliləri üçün Səfirlik ilə birgə Azərbaycan mətbəxi ilə bağlı keçiriləcək təqdimatın təşkilinə görə Kollec rəhbərliyinə təşəkkür etmişdir.
Sonra Dünya Barbekü Assosiasiyasının nümayəndəsi, tanınmış beynəlxalq aşpaz, həmyerlimiz David İsrafilov tərəfindən Azərbaycan mətbəxinin nümunələrinin təqdimatı keçirilmiş, eyni vaxtda 350 şagirdin iştirakı ilə kulinariya yarışı təşkil olunmuş, qaliblərə hədiyyələr təqdim olunmuşdur. Hər bir şagirdə Azərbaycan və Vyetnam bayraqlarını əks etdirən kulinariya önlüyü təqdim olunmuşdur.
Eni zamanda, qida və məktəb ləvazimatları məktəblilərə hədiyyə edilmişdir.