Elçin Əmirbəyov Laos Xalq Demokratik Respublikasına işgüzar səfər edib
22 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Laos Xalq Demokratik Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində E.Əmirbəyov Laosun baş nazirin müavini, xarici işlər naziri Salimsay Kommasit ilə görüş keçirib. Görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı durumu, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə, həmçinin ASEAN kontekstində əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.
Keçirilən görüşdə E.Əmirbəyov 2025-ci ildə ikitərəfli diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını vurğulayaraq, bu əlamətdar tarixin xüsusi tədbirlər və layihələrlə qeyd edilməsini təklif etmişdir. Eyni zamanda, sovet dövründə Azərbaycanda təhsil almış çoxsaylı laoslulardan ibarət Dostluq Assosiasiyasının yaradılması ilə bağlı Laos hökuməti tərəfindən həyata keçirilmiş təşəbbüsü alqışlayaraq, bu qurumun fəallığını və təşəbbüskarlığını xüsusi vurğulayıb və cari ilin may ayında qurumun üzvlərindən ibarət heyətin Bakıya səfərinin yaddaqalan olduğunu söyləyib. O, Azərbaycan tərəfinin Laos ilə müxtəlif sahələrə səmərəli əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
Laosun xarici işlər naziri Azərbaycanla bir çox sahələrdə əlaqələri gücləndirmək istəyində olduğunu qeyd edərək, bu sahədə yaxın zamanlarda praktiki tədbirləri görməyə hazır olduğunu bildirib.
Görüşdə E.Əmirbəyov post-münaqişə mərhələsində bölgədə cərəyan edən proseslər və sülh prosesində mövcud vəziyyət və perspektivlər, azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri, habelə minaların təmizlənməsi prosesi, ASEAN Regional Minatəmizləmə Mərkəzinin dəvəti ilə ANAMA-nın nümayəndə heyətinin bu günlərdə Tailand, Laos, Kamboca və Vyetnama həyata keçirilən işçi səfəri haqqında qarşı tərəfə ətraflı məlumat verib. Görüşdə cari ildə ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti qeyd olunub, bu sahədə ölkələrimiz arasında səmərəli əməkdaşlıq üçün əlverişli imkan yaratdığı vurğulanıb və Laos tərəfdaş ölkə kimi yüksək səviyyəli heyətlə tədbirdə fəal iştiraka dəvət edilib.