Azərbaycan neftçilərinin böyük əməyi olan “Vietsovpetro” şirkəti 250 milyon ton neft hasil edib
21 iyun 2024-cü il tarixində Vyetnamın Vunq Tau şəhərində Sovet İttifaqı və Vyetnam hökumətləri tərəfindən "Vietsovpetro" şirkətinin 1981-ci ildə yaradılmasından bu yana 250 milyon ton neftin hasil olunması münasibətilə bayram tədbiri təşkil olunub. Tədbirdə Ba Ria-Vunq Tau əyalətinin rəhbərləri, "PetroVietnam" şirkətinin nümayəndələri, Azərbaycan və Rusiya nümayəndə heyətləri, həmçinin "Vietsovpetro" veteranları iştirak edib.
Tədbirdə ölkəmizi Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə və SOCAR-ın yüksək vəzifəli nümayəndələri təmsil edib. Rəsmi mərasimdə iştirakla yanaşı, Azərbaycan nümayəndə heyəti "Vietsovpetro" şirkətinin baş direktoru Vu May Xan ilə görüşüb. Hər iki tərəf bu hadisənin tarixi əhəmiyyətini qeyd edərək, Azərbaycan-Vyetnam dostluğunun möhkəm təməlinin olduğunu vurğulayıb.
İki ölkə arasında neft və qaz sahəsində əməkdaşlıq 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin Sovet İttifaqının o vaxtkı neft paytaxtı Bakıya səfəri ilə başlayıb. Bu səfər həmçinin Vyetnam və Azərbaycan xalqları arasında dostluğun başlanğıcı hesab olunur. Bunun ardınca bir çox azərbaycanlı neft mütəxəssisi Vyetnama səfər etmiş, minlərlə vyetnamlı gənc Azərbaycan Neft Akademiyasında təhsil almışdır. 2025-ci ildə Bakı və Vunq Tau şəhərlərində "Vietsovpetro" neft şirkətinin yaradılmasında mühüm rolu olan bu şirkətin ilk baş direktoru Cəlal Məmmədovun 100 illik yubileyi qeyd ediləcək.
"Vietsovpetro" şirkətinin yaradılmasından qısa müddət sonra - 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin başçılıq etdiyi Sovet hökumətinin nümayəndə heyəti bu ölkəyə səfər etdi. Səfər çərçivəsində Heydər Əliyev Vyetnam və Sovet (o cümlədən Azərbaycan) neft mütəxəssisləri ilə görüşmək üçün Vunq Tau şəhərinə səfər etmək təşəbbüsü ilə çıxış etdi. Heydər Əliyevin səyləri və Bakıdan gətirilən əlavə azərbaycanlı mütəxəssislərin və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda ilk neft proqnozlaşdırılan on il əvəzinə cəmi bir il ərzində hasil edildi.
Sözügedən hadisələrə həsr olunmuş, tarixi sənədlər və xatirələr əsasında hazırlanmış Ulu Öndərin Vyetnama səfəri haqqında filmin tezliklə Vyetnam dilində nümayişi planlaşdırılır.
Bundan əlavə, Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşəbbüsü ilə hər iki ölkənin aidiyyəti qurumları tərəfindən iki xalq arasında sıx əlaqələrə möhkəm zəmin yaratmış Prezident Ho Şi Minin Azərbaycana səfəri ilə bağlı tarixi sənədlər əsasında kitab və film hazırlığı istiqamətində işlər davam edir.
"Vietsovpetro" baş direktoru ilə görüş zamanı səfir bu ilin Prezident Ho Şi Minin Bakıya səfərinin 65 illiyi ilə əlamətdar olduğunu qeyd edərək, ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu xüsusda keçiriləcək müxtəlif tədbirlər, o cümlədən Səfirlik tərəfindən Bakıda təşkil olunacaq tədbirlərdə Azərbaycan-Vyetnam dostluğunun əsasını qoyan hər iki xalqın liderləri - Heydər Əliyev və Ho Şi Minin və bugünkü 250 milyon tonluq mərhələnin təməlini qoyanların xatirəsi ehtiramla yad ediləcək.
Bu gün bu mötəbər ənənələr onların davamçıları - Vyetnam, Rusiya və Azərbaycan mütəxəssisləri tərəfindən "Vietsovpetro"da davam etdirilir.