2023-12-15

Qara Qarayevin “Vyetnam süitası” əsərinin Hanoyda premyerası olub

14 dekabr 2023-cü il Azərbaycan-Vyetnam dostluğu üçün tarixi hadisə ilə yadda qalmışdır.

Azərbaycan Respublikasının Vyetnamdakı Səfirliyinin təşəbbüsü, Türkdilli ölkələrin Vyetnamdakı səfirliklərinin dəstəyi və Vyetnam Milli Musiqi Akademiyasının təşkilatçılığı ilə Hanoy şəhərində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 1954-cü ildə “Vyetnam” adlı ilk sovet filmi üçün yazdığı “Vyetnam süitası” əsərinin premyerası keçirilmişdir.

Əsər dirijor Honna Tetsuinin rəhbərliyi ilə Vyetnam Milli Simfonik Orkestri və Hanoy Filarmonik Orkestri tərəfindən ifa edilmiş və bu zaman sözügedən film nümayiş etdirilmişdir.

Tədbirə hazırlıq prosesində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyası və musiqişünas-alim Nigar Axundova tərəfindən dəstək göstərilmişdir.

Əsər Vyetnamda böyük marağa səbəb olmuş, premyerada Vyetnamın yüksək vəzifəli şəxsləri ilə yanaşı diplomatik missiyaların rəhbərləri, musiqişünas-alimlər, digər yaradıcı şəxslər, o cümlədən gənclər iştirak etmişlər. Vyetnamda indiyədək ifa edilməmiş əsərə ölkədə böyük marağı nəzərə alaraq, konsert Vyetnam Mərkəzi Televiziyası tərəfindən canlı yayımlanmış və lentə alınmışdır.

Konsertdə fəxri qonaq qismində Qazaxıstanın xalq artisti, görkəmli musiqiçi Aiman Musaxocayeva iştirak etmişdir.

Konsertdə çıxış edən səfir Şövqi Mehdizadə dahi Qara Qarayevin həyat və yaradıcılığı haqqında danışaraq bəstəkarın dünya musiqi xəzinəsinə böyük töhfələri haqqında məlumat vermişdir. Bəstəkarın yazdığı möhtəşəm əsərin iki xalqın dostluğunun gücləndirilməsinə çox mühüm töhfə olduğu qeyd edilərək bu dostluğun əsasını qoyan ümumilli liderlər Prezident Heydər Əliyev və Prezident Ho Şi Minin yaradıcı insanlara və mədəniyyət sahəsinə göstərdiyi diqqət haqqında məlumat verilmiş və bununla bağlı hazırlanmış təqdimat iştirakçıların diqqətinə təqdim edilmişdir.

Konsert proqramından sonra təşkil olunan ziyafət zamanı qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunmuşdur.

Arxiv üzrə axtarış