2023-11-09

Hanoyda Ulu Öndər Heydər Əliyevin Vyetnama tarixi səfərinin 40 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.

Cari ilin 9 noyabr tarixində Vyetnamın Ho Şi Min adına Siyasət və Dövlət İdarəçiliyi üzrə Milli Akademiyasının tabeliyində olan Jurnalistika və Rabitə Akademiyasında (Akademiya) Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqının nümayəndə heyətinin rəhbəri qismində Vyetnama tarixi səfərinin 40 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Vyetnamdakı Səfirliyi və Akademiyanın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səfir Şövqi Mehdizadə ilə yanaşı Qazaxıstan Respublikasının Vyetnamdakı səfiri Kanat Tumış, Akademiyanın rektoru Fam Min Son, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri Nqiem Vu Xay və sözügedən Assosiasiyanın üzvləri, Azərbaycan Mədəniyyət, Elm və Tarix Mərkəzinin direktoru Dao Xuan Tien, habelə Akademiyanın tələbə və müəllimləri iştirak etmişlər.

Akademiyanın rektoru Fam Min Son konfrans iştirakçılarını salamlayaraq Heydər Əliyev və onun Azərbaycan-Vyetnam münasibətlərində mühüm rolu, o cümlədən iki ölkə arasındakı tarixi əlaqələr barədə iştirakçılara geniş məlumat vermişdir.

Tədbirdə çıxış edən səfir Azərbaycanla Vyetnam arasında tarixi dostluq əlaqələrinin yaranmasında hər iki ölkənin liderlərinin rolu haqqında məlumat verərək Ulu Öndərin Vyetnam xalqının böyük tarixi dostu olduğunu və Vyetnamla əlaqələrə hər zaman böyük önəm verdiyini qeyd etmişdir. Çıxış zamanı Heydər Əliyevin 1983-cü ildə Sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığı, eləcə də vyetnamlı tələbələrin dövlət xətti ilə Azərbaycanda təhsil almasında və Vyetnamda neft sənayesinin qurulmasında Ulu Öndərin müstəsna rolunun olduğu vurğulanmışdır. Səfir həmçinin növbəti il Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana səfəri ilə başlayan dostluq münasibətlərimizin 65 illiyinin qeyd olunacağını və bununla əlaqədar həyata keçiriləcək tədbirlər barədə konfrans iştirakçılarını məlumatlandırmışdır.

Qazaxıstan Respublikasının Vyetnamdakı səfiri K.Tumış, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri N.V.Xay, Azərbaycan Mədəniyyət, Elm və Tarix Mərkəzinin direktoru D.X.Tien, habelə Akademiyanın professorları çıxış edərək öz növbələrində Azərbaycanın inkişafında və müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyevin fəaliyyətinin tarixi əhəmiyyətini xüsusi qeyd edərək bu biliklərin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğuladılar.

Akademiyanın müəllimlərinin çıxışları zamanı iştirakçılara Ulu Öndərin həyat və fəaliyyəti, o cümlədən Azərbaycan-Vyetnam əlaqələrinin tarixi və hazırkı inkişafı haqqında məlumat verilib.

Daha sonra sabiq diplomat, musiqişunas-alim Nigar Axundovanın Ulu Öndərin Vyetnama səfərindən bəhs edən çıxışı səsləndirilmiş və bu mövzuda çəkilmiş “Vyetnam səfəri” filmi nümayiş olunmuşdur.

Arxiv üzrə axtarış