2023-10-29

Vunqtau şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının “Vietsovpetro” Nümayəndəliyinin açılış mərasimi keçirilmişdir.

29 oktyabr 2023-cü il tarixində Vunqtau  şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının “Vietsovpetro” Nümayəndəliyinin (Nümayəndəlik)  açılış mərasimi keçirilmişdir.

Açılış mərasimində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Danq Te Vin, Vunqtau şəhərinin Dostluq Təşkilatları İttifaqının sədri Do Ti Nu May, “Vietsovpetro” şirkətinin baş direktorunun müavini Tran Quoc Tanq, habelə sözügedən şirkətin baş mühəndisi və mühəndisləri, idarə və bölmələrinin rəhbər heyəti tədbir iştirakçıları qarşısında çıxış etdilər.

Səfir Şövqi Mehdizadə tədbirin Ulu Öndər Heydər Əliyevin Sovet nümayəndə heyətinin başçısı kimi 1983-cü ildə Vyetnama səfərinin tarixlərinə təsadüf etdiyini və o zaman heyətin qaldığı binada keçirildiyi ilə bağlı iştirakçıları məlumatlandırmışdır. Həmin səfərin xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsində, eləcə də Vyetnamın çətin tarixi dövründə  önəmli rol oynadığı diqqətə çatdırılmış və sözügedən səfərlə bağlı İTV tərəfindən çəkilmiş film nümayiş olunmuşdur. Səfir həmçinin Ulu Öndərin əziz xatirəsinin Vyetnamda daim ehtiramla yad edilməsinə görə öz təşəkkürünü bildirmişdir.

“Vietsovpetro” şirkətinin baş direktorunun müavini və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədr müavini Tran Quoc Tanq çıxışı zamanı hazırkı təşəbbüsün Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq əlaqələrinin inkişafına mühüm töhfələr verəcəyini qeyd edib.

Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Danq Te Vin Nümayəndəliyin yeni filialının xüsusi əhəmiyyətini, onun iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində gələcək rolunu qeyd etmiş, həmçinin Nümayəndəliyin son illər ərzində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara məlumat vermişdir.

Vunqtau şəhərinin Dostluq Təşkilatları İttifaqının sədri Do Ti Nu May iki ölkə arasında əlaqələrin inkişafında Vunqtaunun tarixi rolundan və gələcək potensialından, gələcək dostluq layihələrinə gənclərin, eləcə də işgüzar dairələrin cəlb edilməsinin vacibliyindən danışıb.

Tədbirdən sonra ziyafət zamanı qonaqlara Azərbaycandan xüsusi olaraq gətirilmiş milli mətbəximizin təamlarından dolma və plov təqdim olunmuşdur.

      

Arxiv üzrə axtarış