2020-05-08

7 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındaki Səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə tədbir keçirmişdir.

7 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının və Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin rəhbərliyi, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları iştirak etmişdir.

Mərasimi giriş sözü ilə açan səfir A.İmanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında dolğun məlumatı toplantı iştirakçılarının diqqətinə çatdıraraq dünya miqyaslı siyasətçi olan Ulu Öndərin Azərbaycan tarixinin iki fərqli dövründə, Sovet İttifaqının tərkibində olduğu və daha sonra müstəqillik zamanı ölkəmizə uğurla rəhbərlik etdiyini xüsusilə vurğulamışdır. Bu xüsusda səfir Heydər Əliyevin çox qısa bir müddət ərzində kənd təsərrüfatı və neft hasil edən Azərbaycanı keçmiş Sovet İttifaqının sənaye cəhətdən ən inkişaf etmiş respublikalarından birinə çevirməyə nail olduğunu qeyd etmişdir.

Daha sonra Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrünə diqqət yetirən A.İmanov xalqımızın ümummilli liderinin cəsarətli qərarlar qəbul edərək ölkəmizi unitar, qanuni, demokratik və dünyəvi bir dövlət kimi mövcudluğunu daha da möhkəmləndirməyə müvəffəq olduğunu bildirmişdir. Həmçinin çıxışı əsnasında səfir Heydər Əliyevin müdrik siyasəti, sarsılmaz inancları və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını həyata keçirməyə, müasir Azərbaycan dövləti qurmağa və xalqımızın müstəqillik arzularını gerçəkləşdirməyə müvəffəq olduğunu bildirmişdir. 

Eyni zamanda A.İmanov Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizin dünyanın fəal və dinamik inkişaf edən dövlətlərindən birinə, habelə beynəlxalq birliyə tam hüquqlu üzv kimi inteqrasiya olunaraq beynəlxalq aləmdə tanınan, mövqeləri möhkəm olan və etibarlı tərəfdaşdaşa çevrildiyini bildirmişdir.

Bununla yanaşı səfir Heydər Əliyevin Azərbaycan ilə Vyetnam arasında əlaqələrin qurulmasında və inkişafında əvəz olunmaz rol oynadığına xüsusi işarə edərək məhz ümummilli liderimizin 1983-cü ildə Vyetnama səfərinin iki ölkə arasındakı zəngin tarixi keçmişə və səmimi dostluğa əsaslanan əlaqələrin təməlini möhkəmləndirdiyini qeyd etmişdir.

Çıxışı zamanı A.İmanov Heydər Əliyev siyasətinin bu gündə onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Daha sonra çıxış edən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası sədrinin müavini səfir Truong Manh Tien Heydər Əliyevin adının Vyetnam xalqının zehnində əbədi həkk olunduğunu bildirərək bu dünya səviyyəli ictimai-siyasi xadimin ölkəsinə etdiyi köməklikləri Vyetnam xalqının yaddaşından heç bir zaman silinməyəcəyini xüsusi vurğulamışdır. 

Çıxışı əsnasında Truong Manh Tien Azərbaycan ilə Vyetnam arasındakı əlaqələrin bü günkü yüksək səviyyəsinin məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Vyetnam münasibətdə həyata keçirdiyi siyasəti sayəsində təmin edildiyini qeyd etmişdir.

Truong Manh Tien Azərbaycanın təhsil ocaqlarını bitirən minlərlə vyetnamlının ölkəsinin müharibədən sonra keçdiyi son dərəcə mürəkkəb bərpa dövründə və hazırkı sürətli inkişafında fəal çalışdıqlarını məmnunluqla söyləmişdir.

Çıxışının davamında Truong Manh Tien Vyetnam ilə münasibətlərə böyük diqqət yetirdiyinə görə Azərbaycan hakimiyyətinə təşəkkürünü izhar edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha da böyük uğurlar əldə edəcəyinə əminliyini ifadə etmişdir.

Tədbir zamanı ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini, habelə 1983-cü ildə keçmiş Sovet İttifaqı Nazirlər Şurası sədrinin birinci müavini qismində Vyetnama səfərini əks etdirən foto-sərgi təşkil edilmiş və Səfirlik tərəfindən Vyetnam dilində nəşr etdirilmiş “Heydər Əliyev” adlı kitab tədbir iştirakçılarına təqdim olunmuşdur.

Arxiv üzrə axtarış