2020-01-21

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar 20 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyində anım mərasimi keçirilmişdir.

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar 20 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyində anım mərasimi keçirilmişdir. Tədbirdə Vyetnam Xarici İşlər Nazirliyi, digər dövlət qurumlarının rəsmiləri, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir zamanı çıxış edən səfir Anar İmanov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 yanvar hadisəsi haqqında ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdıraraq həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımızın canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını xüsusi vurğulamışdır. 

Çıxışı əsnasında A.İmanov 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin Ermənistana havadarlığından hiddətlənərək Bakının küçələrinə və meydanlarına çıxıb buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsinin bu faciəyə gətirib çıxardığını bildirmişdir. A.İmanov 2020-ci ildə 30-cu ildönümü qeyd olunan bu Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən terror aktı olduğunu qeyd etmişdir. A.İmanovun söylədiyinə görə bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq və suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. A.İmanovun bildirdiyinə görə xalqımız tərəfindən sözügedən məqsədin qarşısı alınaraq  o dəhşətli gecədə şəhid olanlar Azərbaycan tarixinin ən parlaq səhifəsini yazdılar və xalqın milli azadlığı və müstəqilliyi yolunu açdılar.

Həmçinin A.İmanov 20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib və kəskin bəyanatla çıxış edərək Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdiyini bildirərək Ulu Öndərin bu cəsarətli addımı və qətiyyətli mövqeyinin Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırdığını xüsusi qeyd etmişdir. A.İmanov məhz Ulu Öndər Heydər Əliyevin bu qətiyyəti sayəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildiyini əlavə etmişdir.

Eyni zamanda tədbir əsnasında səfir A.İmanov Ermənistan tərəfindən işğalın bü gündə davam etdiyini bildirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında toplantı iştirakçılarına müfəssəl məlumat vermişdir. Səfir Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin müddəalarının yerinə yetirilməsinin rəsmi Yerevan tərəfindən tamamilə rədd edildiyini bildirərək münaqişənin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının mümkünlüyünü qeyd etmişdir. 

Çıxışının sonunda səfir əlavə etmişdir ki, hər il 20 yanvar tarixində minlərlə insan Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda edənlərin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlir. A.İmanovun söylədiyinə görə nəsillər dəyişəcək, lakin 20 yanvar şəhidlərinin xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən forto-sərgi təşkil olunmuşdur.

 

Arxiv üzrə axtarış