2019-05-29

28 may 2019-cu ildə Hanoy şəhərində Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən rəsmi qəbul keçirilmişdir.

28 may 2019-cu ildə Hanoy şəhərindəki “Melia” mehmanxanasında Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının                    100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən rəsmi qəbul keçirilmişdir.

Tədbirdə Vyetnam Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Parlamentinin, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları, habelə Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpus və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.  

Tədbiri giriş sözü ilə açan səfir A.İmanov Respublika Gününün Azərbaycanın dövlətçilik tarixində ən parlaq və mühüm səhifəsi olduğunu xüsusi vurğulayaraq              28 may 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunması ilə Şərq və bütün müsəlman dünyasında ilk parlament demokratik respublikası hesab olunan AXC-nin yaradıldığını bildirmişdir. 

Həmçinin səfir yalnız 23 ay mövcud olduğuna baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətində bərabər hüquqlu cəmiyyətə əsaslanan dövlət quruculuğu, o cümlədən o zamanın qabaqcıl standartlarına cavab verən siyasi, iqtisadi və maliyyə, təhsil və elm sistemlərinin yaradılması üzrə mühüm tədbirlərin görüldüyünü, ordunun yaradıldığını, habelə bir çox dünya ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verildiyini qeyd etmişdir.

Eyni zamanda çıxışı əsnasında A.İmanov Azərbaycan Xalq Cümhuriyyəti haqqında dolğun məlumatı rəsmi qəbulda iştirak edən qonaqların diqqətinə çatdıraraq AXC-nin yalnız 28 aprel 1920-ci ilə qədər mövcud olduğunu təəssüflə bildirib xalqımızın şücaətli mübarizəsi nəticəsində müstəqilliyimizin 1991-ci ildə bərpa edildiyini söyləmişdir. Səfir müasir Azərbaycan dövlətinin AXC-in hüquqi varisi olduğunu əlavə etmişdir.

Yuxarıda göstərilənlər ilə yanaşı səfir 9 iyul 2019-cu ildə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin ölkəmizdə təntənəli surətdə qeyd olunacağını bildirmişdir. 

A.İmanov 28 may 1918-ci ildə milli dövlətçilik ənənələrinin Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə bərpa edildiyini bildirərək 28 May 1918-28 aprel 1920-ci il tarixləri arasında mövcud olan AXC-nin son dərəcədə fəal xarici siyasətin həyata keçirdiyini qeyd etmişdir. Səfir 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin sədri A.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakının və 1920-ci il yanvarın 11-də AXC-nin de-fakto tanınmasının Azərbaycan diplomatiya tarixinin əlamətdar hadisələri olduğunu xüsusi vurğulamışdır.

            Həmçinin A.İmanov 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının zəngin tarixi keçmişə malik milli diplomatiyamızın tarixində ən şanlı səhifələrdən biri olduğunu bildirərək Azərbaycan Respublikasının müstəqil dövlət kimi tanınması prosesinin başlanması, habelə 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlara qəbul edilməsinin dövlət müstəqilliyimizin bərpa edilməsindən sonra diplomatik sahədə atılan ilk mühüm addımlar kimi qiymətləndirmişdir.

            Eyni zamanda səfir ölkəmizin xarici siyasətinin müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini və bu siyasətin hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini xüsusi vurğulamışdır. 

Çıxışı əsnasında səfir Azərbaycanın son illər ərzindəki dövlət quruculuğu istiqamətində apardığı islahatlar, enerji və nəqliyyat sahələrində reallaşdırdığı                          iri-miqyaslı layihələr, sosial-iqtisadi və humanitar sahələrindəki nailiyyətləri, habelə beynəlxalq arenadakı fəaliyyəti haqqında müfəssəl məlumat vermişdir.

            Daha sonra A.İmanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumatı toplantı iştirakçılarının diqqətinə çatdıraraq Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin müddəalarının yerinə yetirilməsinin rəsmi Yerevan tərəfindən tamamilə rədd edildiyini bildirərək münaqişənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının mümkünlüyünü qeyd etmişdir.  

Çıxışı zamanı A.İmanov Azərbaycanın Asiya-Sakit Okean bölgəsindəki əsas tərəfdaşlarından biri olan Vyetnam ilə zəngin tarixi keçmişə əsaslanan dostluq əlaqələrinin son illər ərzində münasibətlərin bütün spektri üzrə sürətlə inkişaf etdiyini məmnunluqla bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18-19 may 2014-cü il tarixlərində Vyetnama dövlət səfərinin ölkələrimiz arasındakı münasibətlər tarixində yeni səhfə açdığını qeyd etmişdir. Bununla yanaşı A.İmanov Azərbaycan-Vyetnam münasibətlərinin təməlinin ulu öndər Heydər Əliyev və Vyetnamın Prezidenti Ho Chi Minh tərəfindən qoyulduğunu əlavə etmişdir.   

            Öz növbəsində tədbirdə çıxış edən Vyetnam Xarici İşlər Nazirinin köməkçisi Nguyen Van Thao Respublika Günü münasibətilə Vyetnam Hökuməti adından Azərbaycan Respublikasının rəhbərliyi və bütün Azərbaycan xalqına ən xoş təbriklərini izhar etmişdir.

            Həmçinin Nguyen Van Thao Azərbaycan xalqının yaxın dostu kimi Vyetnamın Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin müdrik siyasəti ilə ölkəmizin sosial-iqtisadi inkişafında və beynəlxalq aləmə inteqrasiyasında əldə etdiyi böyük nailiyyətlərin əyani şahidi olduğunu məmnunluqla bildirmişdir. 

Eyni zamanda Nguyen Van Thao ölkələrimizin Vyetnam və Azərbaycanın sabiq Prezidentləri Ho Chi Minh və Heydər Əliyev tərəfindən təməli qoyulan və nəsillər boyunca hər iki ölkənin liderləri və xalqları tərəfindən inkişaf etdirilən uzunmüddətli ənənəvi dostluq bağlarından bəhrələndiyini xüsusi vurğulamışdır. 

Daha sonra Nguyen Van Thao Azərbaycan təhsil ocaqlarının minlərlə vyetnamlı məzununun ölkəsinin hazırkı sürətli inkişafı və beynəlxalq aləmə inteqrasiyasına mühüm töhfə verdiyini, habelə Azərbaycandan yüzlərlə hərbi və mülki mütəxəssisin ölkəsi üçün ən çətin dövrlərdə Vyetnama əvəzsiz və heç bir zaman yaddaşlarından silinməyəcək yardımını xüsusi vurğulamışdır. 

Çıxışı əsnasında Nguyen Van Thao Vyetnam ilə Azərbaycan arasındakı siyasi əlaqələrdə güclü etimadın mövcudluğunu xüsusi vurğulayaraq hər iki ölkənin hakim partiyaları, hökumətləri və parlamentlərinin yüksək rütbəli rəsmilərinin qarşılıqlı səfərlərinin müntəzəm şəkildə həyata keçirilməsi ilə çoxşaxəli əməkdaşlığın dinamik inkişaf etdiyindən böyük məmnunluq duyduğunu söyləmişdir.

Çıxışının yekununda Nguyen Van Thao hər iki ölkə liderlərinin siyasi iradəsi və qətiyyəti ilə Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq və çoxtərəfli əməkdaşlığın daimi əsasda inkişaf edəcəyinə əminliyini ifadə edərək bunun dövlətlərin milli mənafeyinə tam şəkildə cavab verdiyini, habelə region və dünyada sülh, sabitlik və inkişafın təmin olunmasına ciddi töhfə verəcəyini qeyd etmişdir.

Tədbir zamanı Azərbaycanın hərtərəfli inkişafını əks etdirən video-çarxlar nümayiş etdirilmiş, habelə milli mətbəx nümunələrindən ibarət ziyafət verilmişdir.

Tədbir Vyetnam KİV-ləri tərəfindən geniş işıqlandırılmışdır.

 

 

Arxiv üzrə axtarış