2014-12-15

Elmar Məmmədyarov: Sərsəng su anbarı humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Parlament Assambleyasının “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsddən sudan məhrum edilməsi üzrə” məruzəçisi Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verib, ən böyük problemin Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması olduğunu deyib. Nazir qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktı aradan qaldırılmalıdır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan problemlərdən danışan nazir Sərsəng su anbarının humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrildiyini bildirib.

Milisa Markoviç məruzənin əsas hədəfinin Sərsəng su anbarı, Tərtər çayı və bunun yerli əhali üçün yaratdığı problemlər olacağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış