Səfirin müraciəti

Hörmətli oxucu,

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin internet səhifəsinə xoş gəlmisiniz. Bu internet səhifəsi Azərbaycan, onun Vyetnam, Kamboca və Laosla əlaqələri, həmçinin Səfirliyin fəaliyyəti və onun tərəfindən təşkil olunan və həyata keçirilən tədbirlər barədə məlumat verir.

Bugünkü müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının hüququ varisidir. Azərbaycan Demokratik Respublikası bir tərəfdə Avropa demokratik dəyərlərini və Şərq mədəniyyətinin xüsusiyyətlərini, digər tərəfdə isə dünyəvi və milli dəyərləri üzvü şəkildə birləşdirərək hüquqi və dünyəvi dövlət qurmuşdur. Azərbaycan Demokratik Respublikası eyni zamanda Şərqdə ilk dəfə olaraq öz parlamentini yaratmış, qadınlara səsvermə hüququ vermiş, dövlət quruculuğu və hərb, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm qərarlar qəbul etmiş və əməli addımlar atmışdır.

Bu gün Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin birləşdiyi çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Azərbaycan Respublikası müxtəlif sahələrdə bir sıra uğurlar əldə etmiş və burada bütün sahələrdə əhəmiyyətli inkişaf vardır. Ölkədə hüquqi, iqtisadi, sosial, elmi, təhsil və sair sahələrdə demokratik islahatlar həyata keçirilir. Azərbaycan eyni zamanda dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yer tutmuş və beynəlxalq birliyə inteqrasiya olunmuşdur ki, bu da onun beynəlxalq aləmdə əlverişli tərəfdaş kimi tanınmasına yol açır. Azərbaycan dünyanın bütün ölkələri ilə dostluq və sıx əlaqələr yaradılmasına böyük əhəmiyyət verir. Azərbaycan ilə Vyetnam arasında mövcud olan hərtərəfli əməkdaşlıq buna bariz nümunədir.

Azərbaycan və Vyetnam arasında uzunmüddətli tarixi və mədəni əlaqələr mövcuddur.  İki ölkə arasında ənənəvi dostluq münasibətlərinin təməli 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana və 1983-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vyetnama səfərləri ilə qoyulmuşdur. Sovet dövründə çoxlu sayda vyetnamlı tələbə Azərbaycanda təhsil almış və onların əksəriyyəti bu gün Vyetnamın müxtəlif dövlət və hökumət strukturlarında çalışırlar. Azərbaycanın neft və qaz mütəxəssisləri öz təcrübələrini vyetnamlı həmkarları ilə bölüşmüş və Vyetnamın neft və qaz sənayesinin yaradılmasında fəal iştirak etmişlər.

Səfirliyin fəaliyyətə başladığı 2013-cü ildən bugünədək Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərdə böyük irəliləyişə nail olunmuşdur.

18-19 may 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhfə açmış və əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermiş, 13-15 may 2015-ci il tarixlərində Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Truong Tan Sangın Azərbaycan Respublikasına rəsmi səfəri isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır.

Son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulmuşdur.

Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq yüksək səviyyədədir. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir.

2013-cü ildən hazırkı zamanadək Vyetnam Milli Assambleyasında (Parlament) Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycan Respublikasının Milli Məclisində isə Azərbaycan-Vyetnam Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradılmış, İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası təsis edilmişdir. Həmçinin Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi yaradılmışdır. Qeyd olunan qurumlar Azərbaycan ilə Vyetnam arasında əlaqələrin davamlı inkişafına öz ciddi töhfəsini verməkdədir.

Zəngin tarixi keçmişə əsaslanan Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında mövcud olan münasibətlərin parlaq gələcəyinə inanıram.

Əminliklə deyə bilərəm ki, hazırkı yüksək səviyyəli əlaqələr yalnız səmimiyyət və dostluq zəmini əsasında qurula bilərdi.

Səmimiyyətlə,

 

Anar İmanov

Səfir

 

Arxiv üzrə axtarış