2021-06-05

28 may 2021-ci il tarixində Azərbaycanın milli bayramı 28 May- Respublika Gününün

28 may 2021-ci il tarixində Azərbaycanın milli bayramı 28 May- Respublika Gününün 103-cü ildönümü münasibətilə Hanoy şəhərində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən “İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi və yeni reallıqlar: Cənubi Qafqazda davamlı sülhün  və əməkdaşlığın əldə edilməsi üçün tarixi imkanlar” mövzusunda video-format şəklində konfrans keçirilmişdir. Tədbirdə Vyetnamın dövlət təşkilatlarının rəsmiləri, ölkədə  fəaliyyət  göstərən diplomatik korpusun rəhbərləri və təmsilçiləri, ali təhsil ocaqların, beyin mərkəzlərin, habelə mətbu orqanlarının nümayəndələri iştirak etmişlər.
Konfransı giriş söz ilə açan Azərbaycanın Vyetnamdakı  səfiri  Anar İmanov 28 May-Respublika Gününün  Azərbaycan Səfirliyi ilə birgə qeyd edən tədbir iştirakçılarına  təşəkkürünü  ifadə etmişdir.  Səfir,   Azərbaycan Demokratik Respublikasının  ölkəmizin tarixində müstəsna rolu haqqında tədbir iştirakçılarına müfəssəl  məlumat vermişdir.  Daha sonra səfir Anar İmanov Ermənistanın Azərbaycana qarşı  otuz ilə yaxın davam edən işğalçılıq  siyasətinin ağır fəsadları, münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi, 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının azad edilməsi, 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən Birgə Bəyanatın imzalanması, habelə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası, müharibədən sonrakı dövrdə Cənubi Qafqaz bölgəsində  dayanaqlı sülh və sabitliyin bərqərar olunması və regional əməkdaşlığın təşviq edilməsi ilə bağlı Azərbaycanın təşəbbüsləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən Vyetnamın Parlament üzvləri, dövlət qurumlarının nümayəndələri, universitet və media  qurumlarının rəhbərləri Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbəsi münasibəti ilə təbrik edərək, bu müharibənin Vətən uğrunda aparıldığını və ədalətli savaş olduğunu bildirmişlər. Iştirakçıların mövqeyinə görə,  Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsi ölkənin böyük potensiala və gücə malik olduğunun göstəricisidir.
Vyetnamın Azərbaycandakı səfiri cənab Ngo Duc Manh Azərbaycanın müdrik, böyük peşəkarlığa və təcrübəyə malik olan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin uğurla inkişaf etdiyini, beynəlxalq aləmdə böyük hörmət qazandığını vurğulamışdır.
Konfransda çıxış edən Qazaxıstanın səfiri cənab Yerlan Baijanov ölkəsinin bütün dövlətlərin ərazi bütövlüyünə hörmət etdiyini və həll olunmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oldunduğunu alqışladığını bildirmişdir.  O,  Cənubi Qafqaz bölgəsinin qısa zamanda sülh və əməkdaşlıq bölgəsinə  çevriləcəyinə ümidini ifadə etmişdir.  Tədbirdə çıxış edən BMT-nin Hüquq Komissiyasının üzvü  səfir  Nguyen Hong Thao münaqişənin  həllində BMT və digər beynəlxalq təşkilatların rolundan danışmışdır. O, beynəlxalq hüquq normalarının şərtsiz icrasının münaqişələrin həllində vacib amil olduğunu bildirmişdir. Konfransda iştirak edən Belarus, Ukrayna, Banqladeş və digər ölkələrin diplomatik nümayəndəliklərinin  rəhbərləri və üzvləri Azərbaycanı Vətən müharibəsində qələbəsi ilə təbrik etmiş, Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin bərqərar olması  perspektivləri barədə öz fikirləri ilə bölüşmüşlər. Tədbir Vyetnam KİVləri tərəfindən geniş işıqlandırılmışdır.

 
 

Arxiv üzrə axtarış