20 yanvar 2017-ci il tarixində Azərbaycanın Vyetnamdakı Səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycanda təhsil almış 20 Yanvar hadisələrinin canlı şahidləri olan vyetnamlılar, Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin əməkdaşları, tələbələr, KİV nümayəndələri iştirak etmişdir.
Tədbir 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Daha sonra çıxış edən Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov 20 Yanvar faciəsi haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Səfir, 1990-cı ilin 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələrinin Bakı şəhərinin dinc əhalisinə qarşı qəddarlıq nümayiş etdirərək yüzlərlə insanı qətlə yetirdiyini, yaraladığını bildirmiş, bununla Sovet İttifaqı rəhbərliyinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsini qırmağa çalışdığını vurğulamışdır. Səfir, məqsədyönlü şəkildə törədilmiş bu cinayətin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini qeyd etmiş və 20 Yanvar tarixinin xalqımızın qəhrəmanlıq və milli birlik gününə çevrildiyini vurğulamışdır. Çıxış zamanı Səfir, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində 20 yanvar faciəsini törədən şəxsləri kəskin şəkildə tənqid etməsini, məhz Ulu Öndərin hakimiyyəti dövründə 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Səfir A. İmanov 20 Yanvar faciəsi ilə yanaşı Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Daha sonra Azərbaycanda təhsil almış 20 Yanvar hadisələrinin canlı şahidləri olan vyetnamlılar faciə haqqında öz acı xatirələrini bölüşmüşlər. Tədbirdə həmçinin 20 Yanvar faciəsini əks etdirən foto sərgi nümayiş etdirilmişdir.