2016-11-15

Cari ilin 15 noyabr tarixində Vyetnamın Ho Chi Minh şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Ho Chi Minh şəhərinin yerli icra orqanlarının rəsmiləri, Vyetnam–Azərbaycan Dostluq Təşkilatının Ho Chi Minh şəhərində yaşayan üzvləri, KİV nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, ölkəmizin dövlət müstəqilliyinin bərpa olunması, möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafı, regionda və beynəlxalq aləmdəki mövqeyi, Azərbaycan-Vyetnam münasibətləri barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Səfir həmçinin çıxışnda Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət nəticəsində ölkəmizin 20 faiz torpaqlarının iğal olunduğu, bir milyondan artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkünə çevrildiyini, BMT, Avropa Birliyi, Avropa Şurası, ATƏT kimi nüfuzlu təşkilatların münaqişənin həlli ilə bağlı qərar və qətnamələrinə Ermənistanın məhəl qoymadığını diqqətə çatdırmışdır.

Səfir A. İmanov, Azərbaycanda sülhün və sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi,  ölkəmizin iqtisadi inkişafın, Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rolundan bəhs etmiş və hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vuğulamışdır. Səfir Azərbaycanla Vyetnam arasında mövcud olan tarixi dostluq münasibətlərinin müasir dövrdədə davam etdiyini və ölkələrimiz arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirmişdir. Bu xüsusda Səfir A. İmanov 1959-cu ildə Vyetnamın keçmiş Prezidenti Ho Chi Minhin Azərbaycana, 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Vyetnama, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfəri və 2015-ci İldə Vyetnamın keçmiş Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın qurulması və inkişaf etdirilməsində müstəsna əhəmmiyyət kəsb etdiyini vurğulamışdır.     

Daha sonra tədbirdə çıxış edən  Vyetnam–Azərbaycan Dostluq Təşkilatının üzvləri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini təbrik etmiş və ölkəmizin daha da inkişaf etməsini arzulamışlar. Çıxış edənlər ölkələrimiz arasında dostluq və əməkdaşlığın son illər daha da inkişaf etdiyindən məmnunluqlarını ifadə etmiş və çalışdıqları sahələr üzrə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə töhfə vermək niyyətində olduqlarını vurğulamışlar. Çıxışlar zamanı həmçinin ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmış və Vyetnam–Azərbaycan Dostluq Təşkilatı ilə Səfirlik arasında əməkdaşlığa dair müzakirə aparılmışdır.

Tədbirdə həmçinin Azərbaycan haqqında video nümayiş etdirilmiş və Səfirlik tərəfindən Vyetnam dilinə tərcümə olunmuş ölkəmizlə bağlı kitablar tədbir iştirakçılarına paylanmışdır.    

Arxiv üzrə axtarış