Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Dai Quang ilə görüşüb
21 sentyabr 2016-cı ildə Vyetnam Sosialist Respublikasının yeni seçilmiş Prezidenti Çan Dai Quang (Tran Dai Quang) Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri A.İmanovu qəbul edib. Görüş zamanı Azərbaycanla Vyetnam arasında siyasi, iqtisadi, ticari, humanitar, enerji, təhsil, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı Çan Dai Quang Azərbaycanla Vyetnam arasında əməkdaşlığın hazırda yüksək səviyyədə olduğunu qeyd edib, bu xüsusda 18-19 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfərinin, 13-15 may 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının keçmiş Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, iki ölkə arasında mövcud olan tarixi dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da davam etdiriləcəyini və möhkəmləndiriləcəyini bildirib. Çan Dai Quang ildən ilə iki ölkə arasındakı ticarət dövriyyəsinin artdığını vurğulayaraq, digər sahələr ilə yanaşı iqtisadi-ticari əlaqələrinin sürətlə inkişaf etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı anlaşma mühitinin daha da gücləndirilməsi üçün yüksək səviyyəli səfərlərin davam etdirilməsinin vacibliyini vurğulayan Prezident bunun iki ölkə arasındakı münasibətlərin inkişafına güclü təkan verəcəyini və bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacağını bildirib.
Səfir A. İmanov cənab Çan Dai Quangı Vyetnam Sosialist Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib və Vyetnam xalqının rifahı naminə fəaliyyətində ona uğurlar arzulayıb. Səfir ikitərəfli münasibətlərin dərin köklərə malik olduğunu xüsusi vurğulayaraq, Vyetnam Sosialist Respublikasının ilk Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri və müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 1983-cü ildə SSRİ-nin Nazirlər Şurasının Sədrinin birinci müavini qismində Vyetnama səfərinin xalqlarımız arasında dostluq münasibətlərinin təməlini qoyduğunu diqqətə çatdırıb. Səfir ikitərəfli münasibətlərin müasir dövrdə sürətlə inkişaf etdiyini qeyd edib və yüksək səviyyəli səfərlərlə yanaşı Azərbaycan və Vyetnam Parlamentlərində dostluq qruplarının, İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının, Azərbaycanın Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin təsis olunmasının müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığa böyük töhfə verdiyini xüsusi vurğulayıb. Səfir Vyetnamın Azərbaycanda Səfirliyinin açılmasının ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə və bu məsələnin tezliklə həllini tapacağına ümid etdiyini diqqətə çatıdırıb. Səfir A. İmanov həmçinin Vyetnama səfər etmək niyyətində olan vətəndaşlarımıza münasibətdə viza rejiminin ləğvi məsələsinə baxılmasını xahiş edib.
Görüşdə Çan Dai Quang səmimi salamları və xoş arzularını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib və ölkəmizin dövlət başçısını münasib olan zamanda Vyetnama səfərə dəvət edib.