2019-12-13
12 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir

Tədbirdə Vyetnam Kommunist Partiyası, Xarici İşlər Nazirliyi, digər dövlət qurumlarının rəsmiləri, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir zamanı çıxış edən səfir Anar İmanov Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrünün xalqımızın dövlət müstəqilliyinin əldə edilməsi, habelə ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixi olduğunu xüsusi vurğulamışdır.

Səfir dünyada cərəyan edən siyasi proseslərə və müxtəlif güclərin maraqlarına tam bələd, həmçinin dərin zəka, siyasi uzaqgörənlik və polad məntiqə malik xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunduğunu, həmçinin ölkəmizin yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiyanı işlənib hazırlandığını bildirmişdir. Bu xüsusda A.İmanov müasir dövlətimizin banisi Heydər Əliyevin müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən xilas edərək ölkəmizə sabitlik, xalqımıza isə firavanlığı qazandırdığını əlavə etmişdir.

Həmçinin A.İmanov hazırkı yüksək səviyyəli Azərbaycan-Vyetnam dostluq münasibətlərinin bünövrəsinin məhz Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu xatırlatmışdır.

Çıxışı əsnasında səfir Ulu Öndər tərəfindən təməli qoyulan siyasətin bu gündə onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafının təmin olunduğunu və Cənub Qafqaz bölgəsinin lider dövlətinə çevrildiyini bildirmişdir.   

Tədbir çərçivəsində Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və 1983-cü ildə Vyetnama rəsmi səfərini əks etdirən fotosərgi nümayiş etdirilmişdir.

Eyni zamanda Səfirliyin təşəbbüsü ilə Vyetnam dilində nəşr olunan Hüseynbala Mirələmovun və Viktor Andriyanovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı tədbir iştirakçılarına təqdim olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər