2025-05-28

Vyetnamda Azərbaycanın Müstəqillik Günü və iki ölkə arasında strateji tərəfdaşlığın qurulması münasibətilə qəbul təşkil olunub

Vyetnamın ən mötəbər tədbir məkanı və tarixi səhnəsi hesab olunan Hanoy Opera Binasında Azərbaycan Respublikasının milli bayramı – 28 May Müstəqillik Günü və Azərbaycan-Vyetnam Strateji Tərəfdaşlığının qurulmasına həsr olunmuş rəsmi qəbul, daha sonra “Azərbaycan klassik musiqisinin inciləri” adlı təntənəli konsert proqramı təşkil olunmuşdur.

Xüsusi qeyd olunmalıdır ki, konsert proqramında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lam və həyat yoldaşı xanım No Fon Li də iştirak etmişdir. Bu, Vyetnamın tarixində Baş katibin xarici ölkələrin milli günləri münasibətilə təşkil olunan tədbirlərdə ilk belə iştirakı olmuşdur.

Vyetnamın dövlət və hökumət strukturlarının nümayəndələri, diplomatik missiya təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, iş adamları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri, fəxri sədri və üzvləri, əvvəllər Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, media nümayəndələri və bu ölkədə yaşayan həmvətənlərimizin qatıldığı tədbirdə təxminən 600 nəfər iştirak etmişdir.

Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə 107 il bundan əvvəl müsəlman Şərqində qurulan ilk demokratik parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və AXC-nin müstəqil, demokratik dövlət quruculuğu sahəsində həyata keçirdiyi mütərəqqi işlər barədə danışmışdır.

Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana və Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin qurulduğu qeyd olunaraq, hazırda bu tarixi əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyi diqqətə çatdırılmışdır.  

Şövqi Mehdizadə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin dəvəti ilə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın 2025-ci ilin 7-8 may tarixlərində Azərbaycana uğurlu dövlət səfəri etdiyini və səfər zamanı Azərbaycan ilə Vyetnam arasında Strateji Tərəfdaşlıq münasibətlərinin qurulduğunu vurğulayaraq, səfərin tarixi əhəmiyyət daşıdığını bildirmişdir.

Sonra Azərbaycan-Vyetnam ikitərəfli əməkdaşlıq gündəliyi, ölkəmizin COP29-a uğurlu sədrliyi və 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında məlumat verilmişdir.

Vyetnam xarici işlər nazirinin müavini Le Anh Tuan 28 Mayın Azərbaycan xalqı və dövləti üçün xüsusi önəm daşıdığını bildirərək, 107 illik dövlət quruculuğu və inkişaf yolunda əldə edilmiş nailiyyətlər münasibətilə Vyetnam Xarici İşlər Nazirliyi adından Azərbaycan hökumətinə və xalqına öz təbriklərini çatdırmışdır.

Vyetnam və Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin olduğunu deyən vyetnamlı diplomat Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana tarixi səfərindən sonra bu əlaqələrin hər iki ölkənin liderləri və xalqları tərəfindən uğurla inkişaf etdirildiyini vurğulamışdır. Minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil alaraq Vyetnamın inkişafına və ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfələr verdiyi qeyd olunub.

Diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən bu yana Vyetnam-Azərbaycan əlaqələrində mühüm irəliləyişin əldə olunduğunu deyən Le Anh Tuan müdafiə və təhlükəsizlik, ticarət, investisiya, təhsil və təlim sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğuna diqqət çəkmişdir.

Vyetnamlı diplomat Vyetnam Kommunist Partiyası və Vyetnam dövlətinin Azərbaycanı regionda əsas tərəfdaş hesab etdiyini vurğulayaraq, Azərbaycan xalqının Vyetnamın milli müstəqillik və yenidən birləşmə uğrunda keçmiş mübarizəsində, həmçinin milli quruculuq və inkişaf işində göstərdiyi qiymətli dəstəyini hər zaman xatırladıqlarını qeyd etmişdir.

Çıxışın sonunda Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərinin müsbət nəticələrinin məmnunluq doğurduğu və Azərbaycanın Qafqaz regionunda Vyetnamın ilk strateji tərəfdaşına çevrildiyi vurğulanmışdır.

Daha sonra xalq artisti, professor Fəxrəddin Kərimovun dirijorluğu və Hanoy Filarmonik Orkestrinin müşayiəti əsasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə konsert proqramına start verilmişdir.  

Xalq artisti Fidan Hacıyevanın ifasında Azərbaycan klassik musiqisinin ecazkar nümunələri dinləyicilərə təqdim olunmuşdur. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Müslüm Maqomayev və Niyazi kimi böyük sənətkarların əsərlərinin yer aldığı konsert proqramı Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, eləcə də digər bütün qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı Fidan Hacıyeva və vyetnamlı ifaçı Nguyen Khac Hoa tərəfindən, “Salam, Vyetnam” mahnısı isə Fidan Hacıyeva və Vyetnamda yaşayan soydaşımız Sevinc Orucovanın ifasında Azərbaycan və Vyetnam dillərində səsləndirilmişdir.

Qeyd edək ki, konsertin ərsəyə gəlməsində Azərbaycanın Mədəniyyət Nazirliyi, əsas sponsor qismində “Silk Way West Airlines” şirkəti, eləcə də SOCAR tərəfindən dəstək göstərilmişdir.

Konsertdən sonra Baş katib To Lam səfir Şövqi Mehdizadə ilə söhbət zamanı xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edərək, Azərbaycan Prezidentinə onun salamlarını çatdırmağı xahiş etmişdir. To Lam həmçinin ölkəmizə səfərinə toxunaraq, səfərin yaxın gələcəkdə müsbət nəticələrinin olacağına əminliyini ifadə etmişdir.

Tədbir məkanına Baş katibin adından gözəl gül çələngi göndərilmişdir.

Tədbir Vyetnam mediasında geniş işıqlandırılmışdır. 

Arxiv üzrə axtarış