2025-03-20

Hanoyda təntənəli Novruz bayramı şənliyi keçirilmişdir

19 mart tarixində Səfirliyimiz tərəfindən Hanoy Ticarət və Turizm Kollecində təntənəli Novruz bayramı şənliyi keçirilmişdir. Qazaxıstanın Vyetnamdakı Səfirliyi öz mətbəx nümunələrinin təqdimatını etməklə şənlikdə iştirak etmişdir.

Tədbirdə Vyetnamın dövlət və hökumət strukturlarının nümayəndələri, mədəniyyət və ictimaiyyət xadimləri, iş adamları, diplomatik missiya təmsilçiləri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri, fəxri sədri və üzvləri, Azərbaycanda təhsil almış vyetnamlılar, media nümayəndələri və bu ölkədə yaşayan həmvətənlər iştirak etmişlər.

Tədbirin əvvəlində səfir Şövqi Mehdizadə bayram təbriklərini çatdıraraq Novruzun xalqımızın çoxəsrlik tarixində özünəməxsus yeri olduğunu bildirmiş, bu bayramın yazın gəlişinin, təbiətin oyanışının, əmin-amanlığın və həmrəyliyin simvolu olduğunu qeyd etmişdir.

Qazaxıstanın Vyetnamdakı səfiri Kanat Tumış və Hanoy Ticarət və Turizm Kollecinin rektoru Trin Ti Tu Ha öz növbələrində bu tədbirin Azərbaycan, Qazaxıstan və Vyetnam arasında mədəni əlaqələrin təşviqi, eləcə də ənənəvi dostluq münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyəti olduğunu vurğulamışlar.

Tədbirə xüsusi qonaq qismində dəvət olunmuş azərbaycanlı aşpaz, Dünya Barbekü Assosiasiyasının nümayəndəsi David İsrafilovun rəhbərliyi altında Türkiyə, Serbiya, Şimali Makedoniya və Mavrikidən olan beynəlxalq aşpazlar qrupu tərəfindən Azərbaycan mətbəxinin ləziz nümunələrinin təqdimatı keçirilmişdir. Qonaqlara plov, dolma, müxtəlif növ kabablar və Novruz şirniyyatları təqdim olunmuşdur.

Tədbirin bədii hissəsində Azərbaycan və Vyetnam mahnıları səsləndirilmiş, Novruz tonqalı alovlandırılmışdır. Novruz şirniyyatları və səməni ilə bəzədilmiş, həmçinin Kollec tələbələri tərəfindən Azərbaycan milli geyimlərində nümayiş olunan bayram xonçaları qonaqlar tərəfindən xüsusi maraqla qarşılanmışdır.

Tədbir Vyetnam mətbuatında geniş işıqlandırılmışdır.

Arxiv üzrə axtarış