Vyentyanda Laos-Azərbaycan Dostluq Assosiasiyasının ənənəvi illik yığıncağı keçirilmişdir
2025-ci ilin 25 yanvar tarixində Laos Xalq Demokratik Respublikasının paytaxtı Vyentyan şəhərində Laos-Azərbaycan Dostluq Assosiasiyasının 2024-cü ilin yekunlarına dair ənənəvi illik yığıncağı keçirilmişdir. Tədbirdə 120-dən artıq Assosiasiya üzvləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Laos-Azərbaycan Dostluq Assosiasiyasının sədri, Laosun keçmiş Energetika və Mədənlər nazirinin müavini Thonqfat İnthavonq bildirib ki, keçmiş Sovet İttifaqı dövründə 40 il öncə 2000-dək laoslu tələbə Azərbaycanda müxtəlif təhsil müəssisələrində təhsil almış, Bakıda yaşadıqları müddət ərzində Azərbaycan xalqı tərəfindən sanki bir ailənin üzvləri kimi məhəbbətlə və səmimi qayğı ilə əhatə olunmuşlar. O, qeyd edib ki, bütün keçmiş laoslu tələbələr Azərbaycanı özlərinə ikinci Vətən hesab edirlər. Təhsillərini başa çatdırdıqdan sonra Laosa qayıdarkən ölkənin inkişafına töhfə verən yüksək ixtisaslı və bilikli insan resurslarına çevrilmiş, tələbələrin bir çoxu dövlət təşkilatlarında yüksək vəzifələr tutmuş, çoxları isə ölkədə və xaricdə görkəmli alimlər, yüksək uğurlu iş adamları olmuşlar.
T.İnthavonq vurğulayıb ki, tədbirin əsas məqsədi Laos və Azərbaycan hökumətləri və xalqları arasında yaxşı münasibətlərin və əməkdaşlığın möhkəmlənməsinə töhfə vermək, Assosiasiyanın 2024-cü ildəki fəaliyyətini nəzərdən keçirmək, eyni zamanda yeni ildə görüləcək işlərin istiqamətlərini müəyyən etmək, Bakıda təhsil almış keçmiş tələbələrin dostluq və həmrəyliyini bir araya gətirmək, eyni tədris müəssisəsində təhsil aldıqdan sonra onların iş və həyatlarında təcrübə mübadiləsi aparmaqdır.
Tədbirdə söz alan səfir Ş.Mehdizadə Azərbaycan və Laos arasındakı münasibətlərin tarixi köklərə əsaslandığını qeyd edərək, iki ölkənin keçmiş Sovet İttifaqı dönəmindən müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib, ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib. O, 1986-cı ildə Ulu Öndər Heydər Əliyevin Sovet nümayəndə heyətinin rəhbəri qismində Xalq İnqilabı Partiyasının 3-cü Milli Konqresində iştirak üçün bu ölkəyə səfər etdiyini, təhsil sahəsində hələ o dövrdən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsinin, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Səfir, Azərbaycanda təhsil almış laoslu məzunlardan ibarət Laos-Azərbaycan Dostluq Assosiasiyasının təsis olunmasına görə Laos hökumətinə təşəkkürünü bildirərək, sözügedən Assosiasiyanın iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verdiyini əminliklə söyləyib.
Bu ilin may ayında Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağını bildirən səfir, bu illər ərzində ölkələr arasında dostluq münasibətləri və səmərəli əməkdaşlığın ikitərəfli əsasda və çoxtərəfli müstəvidə inkişafını və genişləndiyini qeyd edib. Böyük səylər sayəsində ölkə və xalqların həqiqi mənafeyi naminə bölgədə, habelə bütün dünyada sülh, sabitlik və əməkdaşlığın inkişafı məqsədilə Laos ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ruhundakı əlaqələrin bundan sonra da möhkəmlənərək genişlənəcəyindən əmin olduğunu bildirib.
Tədbir milli rəqs ansamblının iştirakı ilə davam etmiş, sonda tədbirdə iştirak etmiş Assosiasiyanın üzvləri ilə xatirə şəkli çəkilmişdir. Tədbir yerli KİV-də işıqlandırılmışdır.
Qeyd olunmalıdır ki, Laos hökumətinin qərarı ilə 2019-cu ildə Laos Xalq İnqilabi Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komitəsinin qərarı təsis edilmiş Laos-Azərbaycan Dostluq Assosiasiyası hazırda fəal şəkildə çoxsaylı toplantılar keçirir, bayram tədbirləri təşkil edir və “Bakılılar” (Бакинцы) adlı komanda ilə idman yarışlarında təşkil edir. Səfirliyin təşəbbüsü və ölkəmizin Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2024-cü ilin 5-10 may tarixlərində Laos-Azərbaycan Dostluq Assosiasiyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri baş tutmuşdur. Səfər zamanı nümayəndə heyətinin Xarici İşlər və Energetika nazirlikləri ilə yanaşı, “Yeni Azərbaycan Partiyası” (YAP), SOCAR və bir neçə ali təhsil müəssisələrində görüşləri, habelə Şuşa şəhərinə tanışlıq səfəri təşkil olunmuşdur.