Hanoy şəhərində keçirilmiş “Beynəlxalq Qida Festivalı 2024” adlı xeyriyyə yarmarkasında Azərbaycan pavilyonu ən çox ziyarət olunanlardan olmuşdur
8 dekabr 2024-cü il tarixində Vyetnamın Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Hanoy şəhərində keçirilmiş “Beynəlxalq Qida Festivalı 2024” adlı xeyriyyə yarmarkasında Səfirliyimiz iştirak etmişdir.
Festivalın açılış mərasimində Vyetnam Kommunist Partiyasının baş katibi To Lamın həyat yoldaşı xanım Nqo Phuonq Ly, Baş nazirin müavini və xarici işlər naziri Bui Thanh Sonun həyat yoldaşı xanım Vu Thi Bich Nqoc, Xarici işlər nazirinin müavini xanım Nquyen Minh Hanq ilə yanaşı, Vyetnamda akkreditə olunmuş 40-dan çox diplomatik missiya, Vyetnamın Xarici İşlər Nazirliyi və digər rəsmi qurumları, bölgələrin təmsilçiləri, habelə qeyri-hökumət təşkilatlarının və KİV nümayəndələri iştirak etmişlər.
Festival zamanı ölkəmizə aid milli suvenirlər, Səfirlik tərəfindən Vyetnam dilində çap olunmuş kitablar və Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini özündə əks etdirən portretlər və digər təbliğat materialları nümayiş etdirilmiş, habelə iştirakçılara və qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri (Qarabağ kətəsi, dolma, kabablar, dovğa, şəkərbura, şəkərçörəyi və s.) təqdim edilmişdir.
Tədbirdə Səfirlik tərəfindən Vyetnama dəvət edilmiş beynəlxalq kulinariya sahəsində tanınmış aşpaz, Dünya Barbekü Assosiasiyasının nufuzlü ekspertlərindən olan həmyerlimiz David İsrafilov tərəfindən kabab və digər ət yeməkləri qonaqlara təqdim olunmuşdur. Festival zamanı yerli sakinlər və xarici turistlər tərəfindən ən çox ziyarət olunan Azərbaycan pavilyonu olmuşdur. Digər tədbirlər zamanı olduğu kimi, bu festivalda da Səfirliyin tərəfdaşı qismində Hanoy Ticarət və Turizm Kolleci çıxış etmiş, Kollecin tələbələri ölkəmizin pavilyonunda köməklik göstərmişdirlər.
Rəsmi açılış mərasimindən sonra xanım Nqo Phuonq Ly və digər rəsmilər Azərbaycan pavilyonuna yaxınlaşaraq, sərgimizlə yaxından tanış olmuşdur.
Festivalda aktiv iştiraka görə Səfirliyə Beynəlxalq Qida Festivalının təşkilat komitəsinin rəhbəri adından təşəkkür sertifikatı təqdim olunmuşdur.