Azərbaycan Respublikası və Qazaxıstan Respublikası ilə Kamboca Krallığı arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması ilə əlaqədar Pnom Pen şəhərində rəsmi qəbul keçirilmişdir
2024-cü ilin 22 noyabr tarixində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası ilə Kamboca Krallığı arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycanın və Qazaxıstanın Vyetnamdakı, eyni zamanda Kambocada akkreditə olunmuş Səfirlikləri tərəfindən və Türkiyənin Kambocada Səfirliyinin əməkdaşlığı ilə Kambocanın paytaxtı Pnom Pen şəhərində rəsmi qəbul keçirilmişdir.
Tədbirdə Kambocanın Turizm naziri Huot Hak, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Khuon Phon Rattanak və bir çox digər dövlət qurumlarının rəhbərləri və əməkdaşları, Azərbaycanda təhsil almış kambocalılar, Kambocada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, KİV nümayəndələri, azərbaycanlı və qazaxlı soydaşlar iştirak etmişlər. Xüsusi qonaq qismində tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı xanım Könül Nurullayeva iştirak etmişdir. Tədbir üç ölkənin nümayəndələri tərəfindən dövlət himnlərinin canlı ifası ilə başlamışdır.
Sonra Azərbaycanın Kambocadakı səfiri Şövqi Mehdizadə iki ölkə arasında 30 illik münasibətlərinin tarixindən danışmış, əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini vurğulamışdır. O, 2014-cü ildə Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycana səfərini və 2022-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyəti Kamboca Krallığına ilk rəsmi səfərini xüsusi qeyd etmişdir. Səfir 9 noyabr Kamboca Krallığının Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Kamboca Kralı Əlahəzrət Norodom Sihamoniyə təbrik məktubunun ünvanlandığını tədbir iştirakçıların diqqətinə çatdırmışdır.
Səfir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Kambocanın 110 nəfərlik geniş heyəti ilə qatıldığını, Kamboca Milli Assambleyasının qərarı ilə Kamboca-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaratdığı, eləcədə əvvəllər Azərbaycanda təhsil almış kambocalılardan ibarət dostluq Assosiasiyasının yaradılması təşəbbüsü ilə əlaqədar məmnunluq ifadə etmişdir. Səfirliyin təşəbbüsü ilə əvvəllər Azərbaycanda təhsil almış Kambocalılardan ibarət Pnom Pendə dostluq Assosiasiyasının yaradılması təklifinə dəstək verdiyi üçün Kamboca tərəfinə təşəkkür bildirmişdir.
Qazaxıstanın Kambocadakı səfiri Kanat Tomyuş ölkələr arasında əlaqələrdən danışmış, oktyabr ayında Qazaxıstandan Kambocaya birbaşa uçuşlara başlandığını və Senatın sədri 2025-ci il may ayının sonunda Astana Beynəlxalq Forumu üçün Qazaxıstan Respublikasına dəvət olunduğunu bildirmişdir. Orta əsr böyük türk alimi Əl-Fərəbinin kamil dövlət haqqında traktatının xmer dilinə tərcüməsinin planlaşdırıldığını vurğulamışdır.
Fəxri qonaq qismində tədbirə qatılan Kamboca Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Khuon Phon Rattanak hər iki ölkə ilə diplomatik əlaqələrin 30 illiyi ilə bağlı təbriklərini çatdırmışdır. Münasibətlərin inkişafından danışan nazir müavini, gələcəkdə də bütün sahələr üzrə əlaqələrin davam etdirilməsində Kamboca tərəfinin maraqlı olduğunu qeyd etmişdir. Azərbaycanla əlaqələrin get gedə bütün sahələr üzrə gücləndirilməsinin prioritet hesab edildiyini xüsusi vurğulamışdır.
Daha sonra Azərbaycandan xüsusi olaraq dəvət olunmuş tanınmış müğənni Kamalə Qaramollayevanın və kambocalı müğənni xanım Pisey Keo ifasında musiqi ifaları və Azərbaycanın milli mətbəxinin təamlarının təqdimatı ilə tədbir davam etmişdir.