Zəfər Günü ilə bağlı tədbir keçirilmişdir
2024-cü ilin 8 noyabr tarixində Azərbaycanın Vyetnamdakı Səfirliyində Zəfər Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Vyetnamın Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri və fəxri sədri, eləcədə çoxsaylı üzvləri, Türkiyənin, Qazaxıstanın və Pakistanın Vyetnamdakı səfirləri və Səfirliklərin əməkdaşları, KİV nümayəndələri və soydaşlarımız iştirak etmişlər.
Səfir Şövqi Mehdizadə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini azad etdiyini və ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini, şanlı bayrağımızın Azərbaycanın bütün ərazilərində dalğalandığını bildirmişdir. Səfir ilk növbədə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin ehtiramla anıldığını vurğulamışdır.
Tədbirdə səfirlə yanaşı qonaqlar çıxış etmişdirlər. Qazaxıstan səfiri Kanat Tomyuş görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik siyasəti və taleyüklü tarixi qərarları sayəsində Zəfər gedən yolun açıldığını vurğulamışdır.
Türkiyənin səfiri Korhan Kemik Azərbaycan xalqını öz əzəli torpaqlarının işğaldan tam azad olunması münasibətilə təbrik etmiş, bu qələbə ilə bölgədə ədalətin bərqərar olduğunu söyləmişdir.
Pakistanın səfiri Kohdayar Marri Zəfər Günü münasibətilə təbriklərini ifadə edərək, ölkələrimizin hər zaman həmrəyliyinin vacibliyini bildirmişdir.
Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri, Vyetnam Milli Audit İdarəsinin baş auditorunun keçmiş müavini Danq Te Vin və fəxri sədr Nquyen Vu Hai təşkilat adından Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edərək, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə münaqişəyə son qoyulduğunu, region ölkələrinin dinc şəraitdə yaşaması üçün yeni imkanların yarandığı barədə danışmışlar.
Sonra Azərbaycan musiqisinin sədaları altında tədbir iştirakçılarına Azərbaycan mətbəxinin təamları (dolma, plov və kabab) təqdim olunmuşdur.