Elçin Əmirbəyov Vyetnam Sosialist Respublikasına işgüzar səfər edib
23 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov Vyetnam Sosialist Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində E.Əmirbəyov Vyetnamın vitse-prezidenti Vo Thi An Suan və digər rəsmilərlə görüşlər keçirib. Görüşlər zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı durumu, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə, həmçinin ASEAN kontekstində əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.
Keçirilən görüşlərdə Elçin Əmirbəyov Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya səfəri, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama tarixi birinci səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin əsası qoyulduğunu qeyd edərək, ölkələrimiz arasında energetika, ticarət, təhsil və mədəniyyət kimi sahələrdə əməkdaşlığın inkişafı üçün hal-hazırda əlverişli imkanların mövcud olduğunu bildirib. Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında faydalı əməkdaşlığın qurulduğunu və Partiyalar arasında Əməkdaşlıq üzrə Sazişin imzalandığını qeyd edərək, partiyalararası əməkdaşlığın ümumilikdə ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. Eyni zamanda Parlamentlərarası münasibətlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişləndirilməsində böyük rol oynadığını vurğulayaraq, bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Qarşı tərəf Azərbaycanla tarixi ənənələrə və qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan-Vyetnam dostluq münasibətlərinə vacib əhəmiyyət verdiyini, mövcud siyasi dialoqun qarşılıqlı yüksək səviyyəli səfərlər vasitəsilə daha da inkişaf etdirilməsi, energetika, iqtisadiyyat, parlamentlərarası əlaqələr, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylər göstərməyə hazır olduğunu bildirib. BMT və digər beynəlxalq təşkilatlarda ölkələr arasındakı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub.
Keçirilmiş görüşlərdə E.Əmirbəyov post-münaqişə mərhələsində bölgədə cərəyan edən proseslər və sülh prosesində mövcud vəziyyət və perspektivlər, azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri, habelə minaların təmizlənməsi prosesi, ASEAN Regional Minatəmizləmə Mərkəzinin dəvəti ilə ANAMA-nın nümayəndə heyətinin bu günlərdə Tailand, Laos, Kamboca və Vyetnama həyata keçirilən işçi səfəri haqqında qarşı tərəfə ətraflı məlumat verib. Görüşlərdə cari ildə ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti qeyd olunub və bu sahədə ölkələrimiz arasında səmərəli əməkdaşlıq üçün əlverişli imkan yaratdığı vurğulanıb və yüksək səviyyəli heyətlə tədbirdə fəal iştiraka qarşı tərəfdaşdaş ölkə Vyetnam dəvət edilib.