2024-07-29

Bakıda “Vyetnam günləri” keçirilib

Vyetnam lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illik yubileyi ilə əlaqədar 22-27 iyul 2024-cü il tarixlərində Bakıda “Vyetnam günləri” tədbiri keçirilib. Bu xüsusda, Azərbaycan və Vyetnamın aidiyyəti qurumlarının təşkilatçılığı və iştirakı ilə çoxsaylı tədbirlər təşkil olunub.

Qeyd olunan tədbirlərdə iştirak məqsədilə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Bakıya səfər edən Vyetnam nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzi ilə tanış edilib, daha sonra qonaqlar tərəfindən Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama tarixi səfərini əks etdirən arxiv fotoşəkilləri Mərkəzə təqdim olunub.

KOBİA və Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası (ViNen) arasında tərəfdaşlıq əsasında hər iki ölkənin sahibkarlarının iştirakı ilə biznes forum keçirilmiş, müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır. Forumda çıxış edən ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadə 65 il öncə baş tutmuş səfərin tarixi əhəmiyyətini vurğulayaraq, iki xalqın liderləri - Heydər Əliyev və Ho Şi Min tərəfindən əsası qoyulmuş tarixi dostluq və əməkdaşlıq əlaqələrinin bu gün də uğurla inkişaf etdiyini bildirmişdir.

Səfir çıxışında Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Çonqun vəfatı ilə əlaqədar bir daha başsağlığı verərək, N.F.Çonqun ölkəsinin inkişafına verdiyi mühüm töhfələri qeyd edib. Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən və müxtəlif dövlət rəsmiləri tərəfindən vyetnamlı həmkarlarına başsağlığı məktublarının ünvanlandığını diqqətə çatdırıb.

Səfər çərçivəsində Vyetnam nümayəndə heyətinin KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dövlət Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Fərhad Cabbarov ilə görüşləri baş tutub, gələcək əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Azərbaycanın Vyetnamdakı Səfirliyi, hər iki ölkənin mədəniyyət nazirlikləri və kino birliklərinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində yeni Vyetnam istehsalı olan “Đào, Phở và Piano” (Şaftalı çiçəyi, Fo və Piano) adlı filmin premyerası baş tutub.

Bundan əlavə, Bakıdakı nüfuzlu kulinariya mərkəzlərindən birində azərbaycanlı və vyetnamlı kulinariya mütəxəssisləri tərəfindən ləziz Vyetnam yeməklərinin təqdimatı keçirilib.        

Heyət üzvləri həmçinin səfərlə bağlı fikirlərini bölüşmək məqsədilə Xəzər telekanalında qonaq olub. 

Prezident Ho Şi Minin Bakıya səfərinin 65-ci ildönümü ilə bağlı tədbirlər Bakı və Hanoy şəhərlərində il ərzində davam edəcək.

Arxiv üzrə axtarış