2024-05-30

Hanoy şəhərində Azərbaycanın milli bayramı - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

Hanoy şəhərindəki Vyetnam Milli Musiqi Akademiyasında Azərbaycanın milli bayramı - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul, ardınca azərbaycanlı və vyetnamlı musiqiçilərin ifası ilə konsert proqramı təşkil olunub.

Tədbirdə Vyetnamın dövlət və hökumət strukturlarının nümayəndələri, diplomatik korpus təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, hər iki ölkənin iş adamları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, vaxtilə Azərbaycanda təhsil almış vyetnamlılar, media nümayəndələri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra səfir Şövqi Mehdizadə 106 il əvvəl müsəlman Şərqində ilk parlamentli, dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və onun tarixindən bəhs edib.

Səfir 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin əldə etdiyi uğurlardan, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçiliyimizin möhkəmlənməsindəki misilsiz rolundan, onun milli mənafeyə söykənən siyasi kursu və dövlət strategiyasının bugünkü bəhrələrindən danışıb, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Səfir Azərbaycan-Vyetnam əlaqələrinin tarixindən söz açaraq, cari ilin Vyetnam lideri Ho Şi Minin Azərbaycana səfəri ilə başlayan dostluq münasibətlərinin yaranmasının 65 illiyi ilə əlamətdar olduğunu qeyd edib. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Ş.Mehdizadə Azərbaycanın neft-qaz mütəxəssislərinin Vyetnamda bu sahənin inkişafında əvəzsiz xidmətlərini yada salıb, vaxtilə ölkəmizdə təhsil almış və bu gün Vyetnamın müxtəlif dövlət və hökumət orqanlarında, eləcə də özəl sektorunda çalışan vyetnamlı məzunların iki ölkə və xalq arasında mədəni körpü rolu oynadıqlarını deyib.

Səfir iki ölkə arasında siyasi, iqtisadi, turizm, mədəniyyət, elm və sosial sahələrdə uzunmüddətli və hərtərəfli əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfərinin və Vyetnamın o vaxtkı Prezidenti Çıonq Tan Şanqın 2015-ci ildə Azərbaycana rəsmi səfərinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına zəmin yaratdığını qeyd edib.

Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) və Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin qəhrəman Vyetnam xalqının azadlıq mübarizəsinə həsr etdiyi “Vyetnam süitası” əsərinin Hanoy və Ho Şi Min şəhərlərində baş tutan təntənəli təqdimatı barədə məlumat verilib.

Vyetnam dövləti adından çıxış edən xarici işlər nazirinin müavini xanım Le Ti Tu Hanq Azərbaycan xalqını əlamətdar gün münasibətilə təbrik edərək, iki ölkə arasında uzun illər ərzində dostluq əlaqələrinin mövcudluğunu, Vyetnam xalqının ölkəmiz və onun qonaqpərvər xalqı ilə yaxından tanış olduğunu qeyd edib. O, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin təməlinin iki xalqın liderləri olan Ho Şi Min və Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək, Vyetnam xalqının ölkənin milli müstəqilliyi, azadlığı və inkişafında Azərbaycan xalqının dəstəyini heç vaxt unutmayacağını diqqətə çatdırıb.

Nazir müavini iki ölkə arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə, bunun isə öz növbəsində hər iki xalqın rifahına, regionlarda və dünyada sülh, sabitlik və əməkdaşlığa xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə Beynəlxalq Musiqi Şurasının prezidenti Nigar Axundova çıxış edərək, gənc yaşlarında Vyetnam Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri zamanı onunla görüşdüyünü və birgə şəkil çəkdirdiklərini, həmin tarixi günü hələ də çox yaxşı xatırladığını bildirib.

N.Axundova Azərbaycan və Vyetnam arasında müxtəlif sahələrdə, o cümlədən musiqi, kino, təsviri incəsənət sahələrində zəngin mədəni əlaqələrin mövcudluğunu qeyd edib, Müstəqillik Gününə həsr olunmuş tədbirdə Azərbaycanın klassik musiqisi olan muğamı təqdim etmək məqsədilə məşhur “Qarabağ” muğam məktəbinin nümayəndələrinin Hanoy şəhərinə səfər etdiklərini vurğulayıb, muğamın UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edildiyini deyib. Qeyd olunub ki, iki xalqın Ümummilli liderləri Heydər Əliyev və Ho Şi Min tərəfindən əsası qoyulmuş tarixi dostluğun gücləndirilməsində musiqi və mədəniyyətin rolu əvəzolunmazdır.

Konsert zamanı vyetnamlı musiqiçilərin ifasında müxtəlif musiqi nümunələri səsləndirilib, Vyetnamda yaşayan soydaşımız, musiqiçi Sevinc Orucova Azərbaycan və Vyetnam dillərində mahnılar oxuyub. Xalq artisti Mənsum İbrahimov və Sevinc Orucova “Qarabağ” muğam qrupu və Vyetnam Milli Musiqi Akademiyasının musiqiçilərinin müşayiəti ilə “Qubanın ağ alması” və “Sənə qurban” kimi məşhur Azərbaycan mahnılarını hər iki dildə ifa ediblər.

Tədbirdə Vyetnam xalqının lideri Ho Şi Minin Azərbaycana və Ulu Öndər Heydər Əliyevin Vyetnama rəsmi səfərlərini əks etdirən fotosərgi nümayiş etdirilib.

Rəsmi qəbul zamanı azərbaycanlı aşpaz, Dünya Barbekü Assosiasiyasının nümayəndəsi David İsrafilov Azərbaycan mətbəxinin ləziz nümunələrinin təqdimatını keçirib. Qonaqlar plov, dolma, habelə nar şərabının dadına baxıblar.

Arxiv üzrə axtarış