2024-03-20

Hanoyda təntənəli Novruz bayramı şənliyi keçirilib

19 mart tarixində Hanoy Ticarət və Turizm Kollecində Azərbaycan və Qazaxıstanın Vyetnamdakı səfirliklərinin birgə təşkilatçılığı ilə ilk dəfə paytaxt Hanoyda təntənəli Novruz bayramı şənliyi keçirilib. Bayram şənliyində Vyetnamın dövlət və hökumət strukturlarının nümayəndələri, mədəniyyət və ictimaiyyət xadimləri, iş adamları, Avstraliya, Kanada, Ukrayna, Panama, Kamboca və Fələstinin Vyetnamdakı səfirləri, diplomatik missiya təmsilçiləri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, əvvəllər Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, KİV nümayəndələri və bu ölkədə yaşayan həmyerlilərimiz iştirak ediblər.

Tədbirin əvvəlində səfir Şövqi Mehdizadə bayram münasibətilə öz təbriklərini çatdıraraq Novruzun xalqımızın çoxəsrlik tarixində özünəməxsus yeri olduğunu, hər il dünya azərbaycanlıları tərəfindən böyük coşqu ilə qeyd olunduğunu, həmçinin bu bayramın Vyetnamın Yeni il bayramı "Tet"lə bir çox oxşar xüsusiyyətlərinin olduğunu bildirib. Səfir 2024-cü ilin Vyetnamın ilk Prezidenti Ho Şi Minin Azərbaycan və Qazaxıstana səfərinin 65 illiyi ilə əlaqədar əlamətdar il olduğunu vurğulayaraq sözügedən səfərin xalqlarımız arasında dostluq münasibətlərinin qurulmasında xüsusi önəmə malik olduğunu qeyd edib.

Qazaxıstanın Vyetnamdakı səfiri Kanat Tumış, Hanoy Ticarət və Turizm Kollecinin rektoru Trin Ti Tu Ha və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri Nqiem Vu Xay öz növbələrində bayram təbriklərini çatdıraraq bu tədbirin Azərbaycan, Qazaxıstan və Vyetnam arasında mədəni və diplomatik əlaqələrin təşviqi, eləcə də ənənəvi dostluq münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyəti olduğunu vurğuladılar.

Tədbirə xüsusi qonaq qismində dəvət olunmuş əslən azərbaycanlı aşpaz, Dünya Barbekü Assosiasiyasının nümayəndəsi David İsrafilov tərəfindən Azərbaycan mətbəxinin ləziz nümunələrinin təqdimatı keçirilib. Qonaqlar milli mətbəximizin ləziz təamlarından plov, dolma və kababların dadına baxıblar. Eyni zamanda, qonaqlara müxtəlif növ Novruz şirniyyatları və səməni ilə bəzədilmiş xonçalar təqdim olunub, habelə Novruz bayramı və Azərbaycanın turizm potensialı haqqında videoçarxlar və xalqımızın mədəniyyətini özündə əks etdirən milli geyimlər nümayiş olunub.

Daha sonra tədbir mədəni proqramla davam edib. Vyetnamda yaşayan soydaşımız Sevinc Orucovanın, vyetnamlı məzunların və Kollec tələbələrinin ifasında Azərbaycan və Vyetnam mahnıları səsləndirilib, Novruz tonqalı alovlandırılıb, qonaqlar şən musiqi sədaları altında rəqs ediblər.

Tədbir Vyetnam mediasında geniş işıqlandırılıb.

Arxiv üzrə axtarış