2024-02-06

Bakıda “Vyetnam süitası” əsərinin Hanoyda keçirilən premyerasının təqdimatı olub

Fevralın 5-də Bakıda dahi Azərbaycan-sovet bəstəkarı, yalnız Azərbaycanda deyil, bütün dünyada tanınan 110-a yaxın musiqi əsərinin müəllifi Qara Qarayevin doğum günü qeyd edilib. Bəstəkarın ev muzeyində keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, muzeyin direktoru və Q.Qarayevin qızı Züleyxa Bağırzadə başda olmaqla tanınmış musiqiçilər və rəsmi şəxslər iştirak edib. Tədbirin xüsusi hissəsi 1955-ci ildə Qara Qarayev tərəfindən “Vyetnam” adlı ilk Vyetnam sənədli filmi üçün yazılan “Vyetnam süitası” əsərinin 2023-cü il dekabrın 14-də Hanoy Musiqi Akademiyasında baş tutan premyerasına həsr olunub.

Vyetnam Milli Televiziyası tərəfindən yayımlanan premyeranın təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Şövqi Mehdizadə “Vyetnam süitası”nın Hanoyda premyerası, Azərbaycan-Vyetnam dostluğunun tarixi, həmçinin ümummilli liderlər Prezident Heydər Əliyev və Prezident Ho Şi Minin iki xalq arasında dostluğun yaranmasında mühüm rolu barədə iştirakçılara məlumat verib. Səfir bəstəkarın ev muzeyində keçirilən tədbirin Prezident Ho Şi Minin Bakıya səfərinin 65 illiyi münasibətilə bu tarixi səfərə və Azərbaycan-Vyetnam dostluğuna həsr olunacaq silsilə tədbirlərdən birincisi olduğunu qeyd edib. Tədbirin sonunda bütün çıxışçılar və iştirakçılar “Vyetnam süitası”nın Hanoyda premyerasının təşkilinə görə vyetnamlı dostlarına təşəkkürlərini bildirdilər, eyni zamanda, əsərin Bakıda premyerasının təşkili ilə bağlı razılıq əldə olundu və Vyetnamın ənənəvi “Tet” bayramı münasibətilə dost Vyetnam xalqına təbriklər və xoş arzular çatdırıldı.

Arxiv üzrə axtarış