2024-01-26

Səfir Şövqi Mehdizadə Vyetnamın Ha Zanq əyalətinə səfər edib

Heydər Əliyev Fondunun dəstəyi ilə Vyetnamın Ha Zanq əyalətinin Bak Me rayonunda inşa edilərək 2018-ci ildə istifadəyə verilmiş ibtidai məktəbdə şagirdlərlə birgə Yeni il (“Tet” - Vyetnamda Yeni il bayramı) bayram şənliyində iştirak və Fond tərəfindən şagirdlərə və məktəbə tədris vasitələri, kompüter və digər bayram hədiyyələrinin təqdim edilməsi məqsədilə səfir Şövqi Mehdizadə bölgəyə səfər etmişdir. Cari ilin 25 yanvar tarixində təşkil olunmuş səfərdə həmçinin Qazaxıstanın Vyetnamdakı səfiri Kanat Tumış və Hanoy Ticarət və Turizm Kollecinin nümayəndələri iştirak etmişlər.

Səfər zamanı qarşıdan gələn “Tet” bayramı münasibətilə şagirdlərə müxtəlif yeni il hədiyyələri təqdim edilmiş və Səfirlik tərəfindən yaxın gələcəkdə bir sıra proqram və layihələr vasitəsilə əyalətdə təhsilin inkişafına dəstək üçün fəaliyyətin davam etdiriləcəyi qeyd olunmuşdur.         

Eyni zamanda, tanınmış azərbaycanlı aşpaz, Dünya Barbekü Federasiyasının nümayəndəsi David İsrafilov məktəblilərə Azərbaycan mətbəxi ilə bağlı təqdimatla çıxış edərək gələcəkdə Hanoy Ticarət və Turizm Kolleci ilə birlikdə məktəblilərin kulinariya sahəsində bilik və bacarıqlarının inkişafı məqsədilə layihələrin həyata keçiriləcəyini bildirmişdir.

Səfər çərçivəsində Əyalət Xalq Komitəsinin qərargahında səfirlə Ha Zanq Əyalət Xalq Komitəsinin sədr müavini Hoanq Za Lon arasında görüş keçirilmişdir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğu və bu xüsusda təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Səfir 2024-cü ildə Səfirlik tərəfindən Vyetnamda həyata keçiriləcək layihələr haqqında müqabil tərəfi məlumatlandıraraq ticarət, turizm, xidmət və kənd təsərrüfatı, xüsusilə də kulinariya sahələrində, eyni zamanda Azərbaycanın bölgələri ilə əyalət arasında birbaşa əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini qeyd etmişdir.   

Arxiv üzrə axtarış