2020-05-12

11 may 2020-ci il tarixində Vyetnam Milli Assambleyası (Parlament) tərəfindən 20000 ədəd tibbi maska Azərbaycan Respublikasının Milli Məclisinə hədiyyə olunmuşdur.

11 may 2020-ci il tarixində Vyetnam Sosialist Respublikasının Milli Assambleyasında (Parlament) Vyetnam qanunverici orqanı tərəfindən COVID-19 koronavirus pandemiyasına qarşı mübarizə üçün 20 000 ədəd tibbi maskanın Azərbaycan Respublikasının Milli Məclisinə hədiyyə olunmasına həsr olunan mərasim keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasınının Vyetnam Sosialist Respublikasındakı səfiri A.İmanov, Vyetnam Milli Assambleyası Aparatının rəhbəri Nguyen Hanh Phuc, Milli Assambleyanın rəhbərliyinin digər üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Nguyen Hanh Phuc 9 may-faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının yüksək rəhbərliyinə ünvanlanan təbriklərini izhar etmişdir.

Daha sonra Nguyen Hanh Phuc son aylar ərzində COVID-19 geniş yayıldığını bildirərək dünya ölkələrinin böyük əksəriyyətinin bu koronavirus pandemiyasının törətdiyi ciddi fəsadlar, o cümlədən həyat itkisi və iqtisadi tənəzzül ilə üzləşdiyini qeyd etmişdir.            

Çıxışı əsnasında Nguyen Hanh Phuc COVID-19-un geniş şəkildə yayılmasının qarşısının alınması məqsədilə Vyetnamda ciddi qabaqlayıcı tədbirlərin görüldüyünü söyləyərək pandemiyanın ölkəsində artıq nəzarət altına alındığını əlavə etmişdir.  

Çıxışı zamanı Nguyen Hanh Phuc COVID-19-un  yayılması ilə bağlı bütün dünyanın yaşadığı bu mürəkkəb dövrdə yalnız birgə səylər sayəsində bu koronavirus pandemiyası üzərində qələbənin qazanılmasının mümkünlüyünü xüsusi vurğulamışdır.

Tədbir çərçivəsində Nguyen Hanh Phuc Vyetnam ilə Azərbaycan arasındakı əlaqələrin zəngin tarixi keçmişə əsaslandığını bildirərək Azərbaycan Respublikasının Milli Məclisinə verilməsi məqsədilə Vyetnam Milli Assambleyası tərəfindən 20 000 ədəd tibbi maskanı səfir A.İmanova təqdim etmişdir. Bu xüsusda o uzunmüddətli səmimi dostluq münasibətlərə əsaslanan bu addımın Vyetnam Parlamentinin COVID-19-un ölkəmizdə yaratdığı çətinliklərin aradan qaldırılmasında Azərbaycanın qanunverici orqanına yardım etmək istəyini əks etdirdiyini bildrimişdir.      

Həmçinin Nguyen Hanh Phuc COVID-19 koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən əməli tədbirlərin uğurla nəticələnəcəyinə əminliyini ifadə etmişdir.

Öz növbəsində səfir A.İmanov tibbi maskaların hədiyyə olunduğuna görə qarşı tərəfə təşəkkürünü izhar edərək Vyetnam tərəfinin bu yardımın xalqlarımız arasında səmimi dostluq münasibətlərinin, habelə  ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin mövcudluğunun bariz təzahürü olduğunu xüsusi vurğulamışdır.

 

Arxiv üzrə axtarış