2020-03-05

İnstitutunda Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

28 fevral 2020-ci il tarixində Vyetnam İctimai Elmlər Akademiyasının Avropa Araşdırmaları İnstitutunda Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə İnstitutun alim və tədqiqatçıları, habelə Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən səfir Anar İmanov Ermənistan qəsbkarları tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilən qətliam barədə tədbir iştirakçılarına müfəssəl məlumat verərək günahsız uşaqların, qadınların, qocaların qətlə yetirildiyi, böyük bir şəhərin yer üzündən silindiyi o gecədə bəşər tarixində dəhşətli bir faciənin baş verdiyini söyləmişdir. Səfir bu hücümu Ermənistan ordusunun azərbaycanlılara qarşı törətdiyi qanlı soyqırımı aktı kimi qiymətləndirərək cinayətkarların məsuliyyətə cəlb olunmasının vacibliyini bildirmişdir. 

Eyni zamanda A.İmanov Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasət kursunun mühüm tərkib hissəsi olduğunu bildirərək Azərbaycan Hökuməti tərəfindən Xocalı faciəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və bu soyqırımının beynəlxalq səviyyədə tanıdılması ilə bağlı bütün zəruri tədbirlərin görüldüyünü qeyd etmişdir. Həmçinin səfir Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun               Vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətindən bəhs edərək Azərbaycan tərəfinin gördüyü tədbirlər nəticəsində Xocalı soyqırımının baş verməsində bütün günahkar olan insanların cəzalandırılaraq məhkum ediləcəyinə ümidini ifadə etmişir.

Bununla yanaşı tədbir əsnasında səfir A.İmanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında toplantı iştirakçılarına ətraflı məlumat verərək Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq sənədlərin icrasının Ermənistan tərəfindən tamamilə rədd edildiyini qeyd etmişdir. Həmçinin A.İmanov hazırkı münaqışənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının mümkünlüyünü söyləmişdir. 

Tədbirdə Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilmiş, habelə Səfirlik tərəfindən Vyetnam dilində nəşr olunmuş “Xocalı soyqırımı” adlı kitab toplantı iştirakçılarına təqdim olunmuşdur.

Arxiv üzrə axtarış