2019-12-08

8 dekabr 2019-cu il tarixində Azərbaycanın Vyetnamdakı Səfirliyi Hanoy şəhərində Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş "Beynəlxalq Qida Festivalı" adlı xeyriyyə yarmarkasında iştirak etmişdir.

8 dekabr 2019-cu il tarixində Azərbaycanın Vyetnamdakı Səfirliyi Hanoy şəhərində Vyetnam Sosialist Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Korpus üzrə Xidmət Departamentinin təşkilatçılığı və Vyetnam Baş nazirinin müavini, Xarici İşlər naziri Pham Binh Minhin həyat yoldaşı, səfir xanım Nguyen Nguyet Nganın himayəsi ilə “2019 Beynəlxalq Qida Festivalı” adı ilə keçirilən ənənəvi xeyriyyə yarmarkasında iştirak etmişdir. Qeyd olunmalıdır ki, yarmarkada iştirak edən qurumların əldə etdiyi maliyyə vəsaiti Vyetnam XİN-nin həyata keçirdiyi müxtəlif xeyriyyəçilik fəaliyyətlərinə sərf olunacaqdır.

120 pavilyonun açıldığı yarmarkada Hanoyda akkreditə olunmuş diplomatik korpus, Vyetnamın Xarici İşlər Nazirliyi, Vyetnam Xalq Komitələrinin Xarici İşlər idarələri, Vyetnamın xarici mədəniyyət mərkəzləri, habelə qeyri-hökumət təşkilatların nümayəndələri iştirak etmişlər.

Ölkələr arasında mədəni mübadilələri və qarşılıqlı anlaşmanı təşviqetmə məqsədini daşıyan yarmarkada ölkəmiz üçün ayrılmış pavilyonun tərtibatında Azərbaycanın qədim tarixi abidələrini, müasir infrastrukturunu, turizm potensialını özündə əks etdirən şəkillərdən istifadə olunmuşdur. Yarmarka zamanı ölkəmizə məxsus milli suvenirlər, Azərbaycanda istehsal olunan çaylar, Səfirlik tərəfindən Vyetnam dilində çap olunmuş kitablar və digər təbliğat materialları nümayiş etdirilmişdir. Tədbirdə Azərbaycan mətbəxinin ləziz nümunələri iştirakçılara təqdim olunmuşdur.

Tədbir zamanı Vyetnam Xarici İşlər Nazirinin müavini Dang Minh Khoi xeyriyyə fəaliyyətində dəstəyə görə Azərbaycan Səfirliyinə Vyetnam XİN-nin təşəkkür sertifikatını təqdim etmişdir.

Tədbir Vyetnam kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

 

Arxiv üzrə axtarış