2019-04-25

24.04.2019-cu ildə Hanoyda Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən Vyetnam Sosial və Humanitar Elmləri Universitetində AR diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə bağlı “Müasir siyasətdə diplomatiyanın rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.

24 aprel 2019-cu il tarixində Hanoy şəhərində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən Vyetnam Sosial və Humanitar Elmlər Universitetində Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunan “Müasir siyasətdə diplomatiyanın rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Universitetin Rektoru Pham Quang Minh ilə yanaşı ali təhsil ocağının professor, müəllim və tələbə heyəti iştirak etmişdir.                    

Tədbirin əvvəlində səfir A.İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi tarixini əsas tutaraq iyul ayının 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzaladığını bildirmişdir.

A.İmanov 28 may 1918-ci ildə milli dövlətçilik ənənələrinin Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə bərpa edildiyini bildirərək 28 May 1918 və 28 aprel 1920-ci il tarixləri arasında mövcud olan Azərbaycan Demokratik Respublikasının son dərəcədə fəal xarici siyasətin həyata keçirdiyini qeyd etmişdir. Səfir 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan Demokratik Respublikasının Parlamentinin sədri A.Topçubaşovun iştirakının və 1920-ci il yanvarın 11-də Azərbaycan Demokratik Respublikasının de-fakto tanınmasının Azərbaycan diplomatiya tarixinin əlamətdar hadisələri olduğunu xüsusi vurğulamışdır.

Həmçinin A.İmanov 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının zəngin tarixi keçmişə malik milli diplomatiyamızın tarixində ən şanlı səhifələrdən biri olduğunu bildirərək Azərbaycan Respublikasının müstəqil dövlət kimi tanınması prosesinin başlanması, habelə 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlara qəbul edilməsinin dövlət müstəqilliyimizin bərpa edilməsindən sonra diplomatik sahədə atılan ilk mühüm addımlar kimi qiymətləndirmişdir.

            Eyni zamanda səfir ölkəmizin xarici siyasətinin müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini və bu siyasətin hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini xüsusi vurğulamışdır. Bu xüsusda A.İmanov Azərbaycan Respublikasının bugünki xarici siyasətinin prioritetlərinin ölkəmizin suverenliyi və müstəqilliyinin gücləndirilməsi və beynəlxalq arenadakı mövqelərinin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməsinə nail olunması ilə yanaşı, Azərbaycanın təşəbbüsü və iştirakı ilə geniş miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi və bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsindən ibarət olduğunu bildirmişdir.

            Çıxışı zamanı A.İmanov Azərbaycanın Asiya-Sakit Okean bölgəsindəki əsas tərəfdaşlarından biri olan Vyetnam ilə zəngin tarixi keçmişə əsaslanan dostluq əlaqələrinin son illər ərzində münasibətlərin bütün spektri üzrə sürətlə inkişaf etdiyini məmnunluqla bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18-19 may 2014-cü il tarixlərində Vyetnama dövlət səfərinin ölkələrimiz arasındakı münasibətlər tarixində yeni səhfə açdığını qeyd etmişdir. Bununla yanaşı A.İmanov Azərbaycan-Vyetnam münasibətlərinin təməlinin ulu öndər Heydər Əliyev və Vyetnamın Prezidenti Ho Chi Minh tərəfindən qoyulduğunu əlavə etmişdir.   

Çıxışı əsnasında səfir Azərbaycanın son illər ərzindəki dövlət quruculuğu istiqamətində apardığı islahatlar, enerji və nəqliyyat sahələrində reallaşdırdığı iri-miqyaslı layihələr, sosial-iqtisadi və humanitar sahələrindəki nailiyyətləri, habelə beynəlxalq arenadakı fəaliyyəti haqqında dolğun məlumat vermişdir.

Öz növbəsində tədbirdə çıxış edən Vyetnam Sosial və Humanitar Elmlər Universitetinin Rektoru Pham Quang Minh Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibəti ilə təbrikini izhar edərək Azərbaycan-Vyetnam münasibətlərinin bütün istiqamətlər üzrə, o cümlədən təhsil sahəsində dinamik şəkildə inkişaf etdiyini razılıq hissi ilə xüsusi qeyd etmişdir.

Eyni zamanda Pham Quang Minh rəhbərlik etdiyi ali təhsil ocağı ilə Azərbaycan tərəfi arasında səmərəli əməkdaşlığın aparıldığını məmnunluqla qeyd edərək ölkəmizin Vyetnam ilə təhsil sahəsindəki əlaqələrin inkişafına önəm verdiyini yüksək qiymətləndirib vyetnamlılar üçün təqaüdlərin ayrılğına görə təşəkkürünü bildirmişdir.    

Həmçinin Pham Quang Minh Azərbaycanın bügünki hərtərəfli sürətli inkişafından böyük sevinc hissi keçirdiyini söyləmişdir. 

Tədbir əsnasında Universitetin professor, müəllim və tələbə heyəti ilə Azərbaycan diplomatiyası və ümumiyyətlə Azərbaycan-Vyetnam münasibətlərinin keçmişi, bugünü və gələcək perspektivləri, habelə beynəlxalq münasibətlər sisteminin mövcud vəziyyəti və müasir siyasətdə diplomatiyanın rolu ətrafında fikir mübadiləsi aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır. 

Arxiv üzrə axtarış