2019-05-10

10 may 2019-cu ildə Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən Hanoy şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilmişdir.

10 may 2019-cu ildə Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən Hanoy şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilmişdir.  

Tədbirdə Vyetnam Kommunist Partiyasının, Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, Hanoyda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Vyetnamın ali təhsil ocaqlarının və gənclər təşkilatının nümayəndələri, həmçinin Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları və KİV nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov xalqımız və dövlətimizin taleyində silinməz iz buraxan ümummilli lider Heydər Əliyevin möhkəm dayaqlar üzərində müstəqil Azərbaycanın qurulması və möhkəmləndirilməsində əvəzsiz rol oynadığını xüsusi vurğulamışdır.

A.İmanov Heydər Əliyevin gördüyü misilsiz dövlətçilik işlərinin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, habelə ulu öndərin həyatının şah əsəri olan suveren Azərbaycanın sürətli hərtərəfli inkişafının təməlinin qoyulmasından ibarət olduğunu bildirmişdir.

Çıxışı əsnasında səfir 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdığı ilk günlərdən etibarən Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olunduğunu, müstəqillik və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində əməli addımlar atıldığını, habelə müharibədə uzunmüddətli atəşkəsə nail olunduğunu qeyd etmişdir.

Eyni zamanda A.İmanov ölkədə həyatı əhəmiyyət kəsb edən ictimai-siyasi sabitliyə nail olunduqdan sonra demokratik prinsiplər əsasında fəaliyyət göstərən təsisatların yaradılması, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik sütunlarının formalaşdırılması, yeni, açıq və demokratik vətəndaşlıq cəmiyyətinin yaradılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial-iqtisadi islahatların həyata keçririlməsi, habelə hərbi potensialın möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artmasına yönəlmiş tədbirlərin görülməsi istiqamətlərində əməli işlərə başlanıldığını xüsusi vurğulamışdır. 

Daha sonra A.İmanov Heydər Əliyevin Azərbaycan və Vyetnam arasında yaxın əlaqələrin qurulması və inkişafında mühüm rol oynadığını bildirmişdir. Səfir Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə xalqlarımız arasında səmimi dostluq münasibətlərinin təməlinin qoyulduğunu qeyd etmişdir. Səfir Heydər Əliyevin birbaşa dəstəyi sayəsində minlərlə azərbaycanlı mütəxəssisin, habelə ulu öndərin köməkliyi ilə Azərbaycanda təhsil alma imkanını əldə etmiş çoxlu sayda vyetnamlı məzununun  müharibədən sonra müxtəlif sahələr üzrə Vyetnamın bərpasında fəal iştirak etdiyini məmnunluqla söyləmişdir.  

Tədbir zamanı ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən foto-sərgi təşkil edilmiş və Səfirlik tərəfindən Vyetnam dilində nəşr etdirilmiş “Heydər Əliyev” adlı kitab tədbir iştirakçılarına təqdim olunmuşdur.

 

 

Arxiv üzrə axtarış