2019-01-14

11 yanvar 2019-cu il tarixində Hanoy şəhərində Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan ilə tanışlıq-2019” adlı tədbir keçirilmişdir.

11 yanvar 2019-cu il tarixində Hanoy şəhərində Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirliyinin binasında Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin  birgə təşkilatçılığı ilə “Azərbaycan ilə tanışlıq-2019” adlı tədbir keçirilmişdir. Tədbirin məqsədi Vyetnam bölgələrinin nümayəndələrinin Azərbaycan haqqında məlumatlandırılması, ölkələrimizin bölgələri arasında birbaşa əlaqələrin qurulması imkanlarının müzakirə edilməsi, habelə Vyetnam biznesinin Azərbaycana cəlb edilməsinin təşviqi olmuşdur. Tədbirə Vyetnamın iyirmiyə yaxın əyalətinin rəhbərləri və müxtəlif təşkilatlarının nümayəndələri qatılmışdır.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən səfir A.İmanov son illər ərzində yüksələn xətlə inkişaf edən Azərbaycan-Vyetnam dostluq münasibətlərinin təməlinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Vyetnam Prezidenti Xoşimin tərəfindən qoyulduğunu xüsusi vurğulamışdır. Həmçinin A.İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfərinin zəngin tarixi keçmişə əsaslanan münasibətlərimizin parlaq tarixində yeni səhfə açdığını qeyd etmişdir. Öz çıxışında A.İmanov müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyatı və siyasi fəaliyyətlərindən bəhs etmiş, ölkəmizin bügünkü sürətli inkişafının məhz bu dövlət xadimlərinin adı ilə bağlı olduğunu xüsusi vurğulamışdır.      

A.İmanov hazırda dinamik şəkildə inkişaf edən Azərbaycanın hər iki ölkənin bölgələri arasında münasibətlərin bütün spektri üzrə, o cümlədən, turizm, nəqliyyat infrastrukturu və kənd təsərrüfatı sahələrində qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirərək Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd olunduğu 2019-cu ildə hər iki tərəfin səyləri sayəsində sözügedən istiqamətdə ciddi irəliləyişlərin əldə olunacağına ümid bəslədiyini qeyd etmişdir.

Öz növbəsində toplantıda çıxış edən Vyetnam Xarici İşlər Nazirliyinin Əyalətlər ilə İş üzrə İdarəsinin Baş direktoru Nguyen Hoang Long dərin köklərə əsaslanan münasibətlərimizin sürətlə inkişaf etdiyini böyük razılıq hissi ilə etiraf etmişdir. Nguyen Hoang Long mürəkkəb dövrlərdə Azərbaycan tərəfinin Vyetnama göstərdiyi yardımı yüksək qiymətləndirərək bu köməkliyin xalqının yaddaşından heç bir zaman silinməyəcəyini bildirmişdir.

Həmçinin Nguyen Hoang Long Vyetnam tərəfinin Azərbaycan ilə bütün istiqamətlər üzrə, o cümlədən bölgələrarası əməkdaşlığı genişləndirmək əzmində olduğunu xüsusi vurğulamışdır. Nguyen Hoang Long şahidi olduqları Azərbaycanın son illər ərzindəki sürətli inkişafından böyük sevinc hisslərini keçirdiklərini bildirərək Vyetnam tərəfinin Azərbaycanın müxtəlif sahələrdəki geniş imkanları və zəngin təcrübəsindən faydalanmaq niyyətində olduğunu qeyd etmişdir. 

Nguyen Hoang Long bu kimi tədbirlərin keçirilməsinin Vyetnam-Azərbaycan münasibətlərinin bütün istiqamətləri üzrə, o cümlədən, turizm, nəqliyyat infrastrukturu və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsini və xalq arasındakı əlaqələrin möhkəmləndirilməsini təşviq edəcəyinə əminliyini ifadə etmişdir.

Tədbir yuxarıda qeyd olunan istiqamətlər üzrə panellərə bölünmüşdür. Vyetnam əyalətlərinin rəsmiləri və həmin vilayətlərdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycan ilə əməkdaşlıqda olduqca maraqlı olduqlarını bildirərək ölkələrimiz arasında logistika, infrastruktur və beynəlxalq daşımalar, turist səyahətlərinin həcminin artırılması və turizm infrastrukturunun inkişafı, habelə kənd təsərrüfatı mallarının yetişdirilməsi, qablaşdırılması və satışı üzrə əməkdaşlığın təşviqi istiqamətində atılması zəruri olan addımlar barədə öz fikirləri ilə bölüşmüşlər. 

Tədbir çərçivəsində tərəflər arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmış, habelə ölkəmizin müxtəlif sahələrinin inkişafını əks etdirən sənədli filmlər nümayiş etdirilmiş və tematik təqdimatlar keçirilmişdir. Tədbir iştirakçıları 2019-cu ildə ölkəmizdə keçirilməsi planlaşdırılan 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər 13- Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgilərinə qatılmağa dəvət olunmuşlar. Həmçinin tədbir iştirakçılarına Səfirlik tərəfindən Vyetnam dilində dərc etdirilən müxtəlif nəşrlər, o cümlədən Elmira Axundovanın müəllifi olduğu “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitab təqdim olunmuşdur.    

 

 

Arxiv üzrə axtarış