2018-04-23

19 aprel 2018-ci il tarixində Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin və Azərbaycanın Vyetnamdakı Səfirliyinin birgə təşkilatçılığı ilə Hanoy şəhərində Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi münasibətilə “Azərbaycan və Vyetnamın dövlətçılıyi: Yaranma və inkişaf” adlı konfrans keçirilmişdir.

Tədbirdə Vyetnam hökumətinin, kommunist partiyasının, parlamentinin, elmi-tədqiqat mərkəzlərinin, təhsil müəssisələrinin, digər dövlət və özəl qurumlarının, həmçinin kütləvi informasiya vasitələrinin və Vyetnamda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak etmişlər.  

 

Tədbiri giriş nitqi ilə açan səfir Anar İmanov ADR-in yaradılmasının 100 illiyi ilə bağlı 2018-ci ilin Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Demokratik Respublikası İli elan edildiyini bildirmişdir. Səfir bir əsr öncə yaradılan dövlətin müasir Azərbaycan Respublikasının qurulmasında mühüm rol oynadığını xüsusi vurğulamışdılr.

 

Öz çıxışında A.İmanov sözügedən hadisənin Azərbaycan dövlətçılik tarixinə qızıl həriflər ilə yazıldığını bildirərək 100 il əvvəl yaradılan ADR-in yüksək demokratik dəyərlərə sadiqliyini bəyan etməklə yanaşı ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində əməli tədbirlərin həyata keçirildiyini bildirmişdir. Səfir Azərbaycan tarixində ilk dəfə olaraq ölkə vətəndaşlarının sosial vəziyyəti və dinindən asılı olmayaraq eyni hüquqlar ilə  təmin edildiyini, hətta ABŞ və bir sıra Avropa ölkələrindən də öncə qadınlara  səsvermə hüququnun verildiyini qeyd etmişdir.   

 

Çıxışı zamanı səfir ADR-in yaranmasından öncə və sonra Cənubi Qafqaz bölgəsində baş verən hadisələr və cərəyan edən proseslər, ADR-in müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar, həmçinin Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi mərhələlər haqqında dolğun məlumatı tədbir iştirakçılarına çatdırmışdır.

 

A.İmanov Azərbaycanın dövlətçilik ənənələrinin qorunub inkişaf etdirilməsində  xalqımızın ümummili lideri Heydər Əliyevin əvəzsiz rol oynadığını xüsusi vurğulayaraq ulu öndərin həm Sovet, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi zamanı ölkəmizin qazandığı böyük uğurlar haqqında məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. 

 

Səfir ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin bugündə onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini bildirmişdir. Həmçinin A.İmanov cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurla inkişaf etdiyini, xalqın rifahının artdığını və beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini vurğulayaraq bu siyasətin nəticəsi olaraq 11 aprel 2018-ci il tarixində keçirilmiş prezident seçkilərində xalqımızın İlham Əliyevə yenidən etimad göstərdiyini bildirmişdir.

 

A.İmanov iki ölkə arasında əlaqələrin keçmişi, hazırkı vəziyyəti və perspektivlərindən bəhs edərək Azərbaycanın Cənub-Şərqi Asiya bölgəsində əsas tərəfdaşlarından biri olan Vyetnam ilə dövlətlətlərarası münasibətləri sürətlə inkişaf etdirmək əzmində olduğunu bildirmişdir.

 

Yuxarıda göstərilənlərlə yanaşı A.İmanov Ermənistan-Azərbaycan Dağlq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti nəticəsində 20% torpaqlarımızın işğal edildiyini bildirmişdir. Səfir münaqişənin yaranma səbəbləri və hazırda ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan müzakirələr haqqında toplantı iştirakçılarına məlumat verərək Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin müddəalarının yerinə yetirilməsinin Ermənistan tərəfindən tamamilə rədd edildiyini xüsusi qeyd etmişdir. Həmçinin A.İmanov hazırkı münaqışənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının mümkünlüyünü vurğulamışdır. Səfir Azərbaycanın 19-cu əsrə təsadüf edən, habelə ADR və müasir Azərbaycanın xəritələrini tədbir iştirakçılarına nümayiş etdirərək Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt etmə prosesi barədə ətraflı məlumat vermişdir.

 

Tədbir zamanı Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin direktoru, Kommunist Partiyasının xarici informasiya jurnalının baş redaktoru Dao Xuan Tien, Vyetnam Sosialist Respublikası Milli Assambleyasının (Parlament) məhkəmə komitəsinin sədr müavini, Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Nguyen Manh Cuong, Vyetnam İctimai Elmlər Akademiyası, Avropa Araşdırmaları İnstitutunun MDB ölkələri üzrə Araşdırma Mərkəzinin Direktoru xanım Vu Thuy Trang, Vyetnam Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının professoru Le Thanh Binh, Vyetnam Kommunist Partiyasının Mərkəzi Nəzəriyyə Komitəsinin sabiq üzvü Hoang Chi Bao və Vyetnam Hüquq, İdarəçilik və Siyasət İnstitutunun professoru Nguyen Tat Vien çıxış etmişlər.

Çıxışlarda ADR-in yaradılmasının Azərbaycan tarixinin parlaq səhifəsi olması ilə yanaşı daha geniş miqyasda böyük tarixi əhəmiyyət kəsb etdiyi bildirilmişdir. Çıxışçılar həmçinin hüquqi dövlətin qurulmasının hər bir xalq üçün son dərəcədə ciddi əhəmiyyət kəsb edən və böyük məsuliyyət tələb edən məsələ olduğunu qeyd edərək Azərbaycan xalqının bu vəzifənin öhdəsindən layiqincə gəldiyini xüsusi vurğulamışlar. Məruzəçilər qədim dövlətçilik ənənələri ilə yanaşı Azərbaycanın zəngin tarixi və unikal mədəni irsi olan bir ölkə olduğunu xüsusi vurğulayaraq Azərbaycan və Vyetnam dövlətçiliyi arasında paralellər aparmış, müxtəlif sahələr üzrə oxşarlıqlar barəsində bəhs etmişlər. Eyni zamanda çıxışlarda Vyetnam ilə Azərbaycan arasında tarixən dostluq münasibətlərinin mövcudluğu bildirilərək hazırkı dövrdə bu əməkdaşlığın gücləndirilməsinin və hər iki xalq arasında əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanmışdır.    

Tədbir çərçivəsində müvafiq foto və video materiallar nümayiş etdirilmişdir.

Arxiv üzrə axtarış