2017-09-29

Hanoy Azərbaycan musiqiçilərini alqışlayır

Ötən şənbə Hanoy şəhərində Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş “Azərbaycan musiqisi Vyetnamda” adlı konsert keçirilmişdir.

Azərbaycan Respublikasının xalq artistləri dirijor Yalçın Adıgözəlov, opera müğənnisi Azər Zeynalov və xalq artisti, muğam ifaçıcı Mənsum İbrahimov, əməkdar artistlər tarzən Elnur Haşımov, kamança ifaçısı Elçin Əhmədovdan ibarət “Qarabağ” muğam qrupu, Hanoy Filarmoniya Orkestrı ilə birgə konsert proqramı ilə çıxış etmişlər.

Konsert Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnam Milli Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilmişdir.

Konsertdə Vyetnam Kommunist Partiyası, Parlamenti, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, media təmsilçiləri və Vyetnam ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Konsertdə fəxri qonaq qismində Vyetnam Milli Assambleyasının Sədr müavini Uong Chu Luu və Vyetnam Mədəniyyət və Turizm Nazirinin müavini Le Khanh Hai iştirak etmişdir.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov açılış nitqində cari ildə Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd olunduğunu bildirərək, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin tarixinin daha öncə, hələ Sovet İttifaqı dövründə qurulduğunu vurğulamışdır. Səfir tarixən təhsil və neft sahəsində əməkdaşlıqla yanaşı Azərbaycanla Vyetnam arasında mədəniyyət sahəsində əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırmış, bu xüsusda Azərbaycanın xalq artisti, Vyetnamda kinomotoqrafiyanın qurucularından biri hesab olunan, “Vyetnamın Əmək Qəhrəmanı” və “Dostluq Ordeni” ilə təltif olunmuş rejissor Əjdər İbrahimovun Vyetnamdakı fəaliyyəti barədə məlumat vermişdir.

Səfir çıxışında Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə cari ildə bir sıra rəsmi səfərlərin – 13-15 sentyabr tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun Vyetnama rəsmi səfəri, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü Çionq Txi Mayın 9-13 sentyabr tarixlərində Azərbaycana səfərinin, 21-23 sentyabr tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanovun Vyetnama səfərinin həyata keçirildiyini, eləcə də bir sıra tədbirlərin – 13 sentyabr tarixində “Azərbaycan və Vyetnam Münasibətlərinin 25 illiyi: Nailiyyətlər və Gələcək Perspektivlər” mövzusunda konfransın, 22 sebtyabr tarixində 2-ci Vyetnam - Azərbaycan Dostluq forumunun keçirildiyini diqqətə çatdırmışdır. Səfir “Azərbaycan musiqisi Vyetnamda” adlı konsertin Azərbaycan və Vyetnam münasibətləri tarixində ilk dəfə olduğunu vurğulamış və bu kimi mədəniyyət tədbirlərinin gələcəkdə də keçirilməsinin ilk xalq arasında dialoqun inkişafına öz töhfəsini verəcəyindən əminliyini ifadə etmişdir.

Vyetnam Milli Musiqi Akademiyasının rektoru Le Anh Tuan çıxışında zəngin mədəni irsə malik olan Azərbaycanın musiqi incilərindən ibarət konsertin tarixdə ilk dəfə olaraq Vyetnamda keçirilməsindən böyük məmnununluq hissi duyduğunu söyləmişdir. O, diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konsertin Azərbaycan və Vyetnam arasında sıx dostluq münasibətlərini tərənnüm etdiyini vurğulamışdır.

Daha sonra Fikrət Əmirovun, Həsən Rzayevin Üzeyir Hacıbəylinin, Vasif Adıgözəlovun bəstələdiyi əsərlər, Azərbaycan muğamı musiqiçilər tərəfindən ifa olumuşdur. Konsert proqramı işirakçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanmışdır. 

 

 

Arxiv üzrə axtarış