2017-05-10

"Görkəmli adamların həyatı" silsiləsindən “Heydər Əliyev” kitabının təqdimat mərasimi keçirilmişdir.

Cari ilin 10 may tarixində Azərbaycanın Vyetnamdakı Səfirliyi tərəfindən Hanoy şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Vyetnam dilinə tərcümə olunmuş Hüseynbala Mirələmov və Viktor Andriyanovun həm-müəllifi olduğu "Görkəmli adamların həyatı" silsiləsindən “Heydər Əliyev” kitabının təqdimat mərasimi keçirilmişdir. 

Tədbirdə Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, Hanoyda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Vyetnamın ali təhsil ocaqlarının nümayəndələri, Azərbaycan universitetlərinin vyetnamlı məzunları, KİV nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı naminə misilsiz xidmətlərindən bəhs etmişdir. Səfir dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin  müdrikliyi, siyasi uzaqgörənliyi sayəsində ölkəmizin Sovet İttifaqı dönəmində, həmçinin müstəqillik bərpa olunduqdan sonra əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Səfir xüsusilə 90-cı illərin əvvəllərində ölkəmizin çətin iqtisadi vəziyyətlə, vətəndaş müharibəsi təhlükəsilə üzləşdiyi vaxtda, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin işğalı olunması və bir milyondan çox insanın öz doğma yurdlarından didərgin düşməsi ilə daha da ağırlaşan vəziyyətdə dövlət müstəqilliyinin qorunub saxlaması, sabitliyin bərpa olunması, bununla yanaşı Azərbaycanın iqtisadi inkişaf yoluna qədəm qoymasında ümummilli lider Heydər Əliyevin əvəzolunmaz rolundan danışmışdır. Səfir bu xüsusda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycanın dövlət müstəqilliyi və iqtisadi inkişafının qarantına çevrilmiş enerji strategiyası barədə danışmış, ölkəmizin ildən ilə daha da gücləndiyini, yerləşdiyi regionda lider dövlətə çevrildiyini, beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini vurğulamışdır.

Səfir A. İmanov həmçinin çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətlərinin inkişafındakı rolundan söhbət açmışdır. Səfir, 1983-cü ildə Sovet İttifaqı Nazirlər Şurası Sədrinin Birinci müavini qismində Heydər Əliyevin Vyetnama səfərindən sonra yüzlərlə Azərbaycanlı mütəxəssisin Vyetnamın neft sənayesinin qurulmasında iştirak etmək üçün bu ölkəyə göndərildiyini, minlərlə Vyetnamlı tələbənin ölkəmizdə təhsil almağa gəldiyini diqqətə çatdırmışdır.

Çıxışının sonunda Səfir, Vyetnam dilində dərc olunmuş “Heydər Əliyev” kitabını təqdim etmiş və kitabın vyetnam ictimaiyyəti üçün ulu öndərin Azərbaycan tarixindəki rolu barədə daha geniş məlumat almaq imkanı yaradacağını vurğulamışdır.   

Daha sonra çıxış edən Vyetnam Parlamentinin deputatı, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının Sədri, Vyetnam Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin Vitse Prezidenti Nghiem Vu Khai, Azərbaycan xalqının ümummilli lideri, Vyetnam xalqının böyük dostu, tarixi şəxsiyyət Heydər Əliyev haqqında Vyetnam dilində kitabın dərc olunmasından məmnunluğunu ifadə etmişdir. Dünya səviyyəsində tanınmış siyasətçi, dövlət xadimi Heydər Əliyevin Vyetnam xalqı üçün də doğma olduğunu qeyd edən Nghiem Vu Khai, ulu öndərin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, Heydər Əliyevin 1982-1987-ci illərdə  Sovet İttifaqı Nazirlər Şurası Sədrinin Birinci müavini çalışdığı dönəmdə Vyetnama dəstəyini hər zaman xatırladıqlarını qeyd etmiş və ulu öndərin xatirəsini daim uca tutduqlarını vurğulamışdır.

Tədbir Vyetnam Milli Orkestrinin üzvlərinin ifasında Azərbaycan və Vyetnam musiqilərindən ibarət konsert proqramı ilə davam etmişdir. Tədbirdə həmçinin ümummilli lider Heydər Əliyev haqqında video nümayiş etidirilmiş, Vyetnam dilinə tərcümə olunmuş “Heydər Əliyev” kitabı tədbir iştirakçılarına paylanmışdır.  

 

Arxiv üzrə axtarış