Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə Vyetnamın ən böyük milli qoruqlarından biri olan Ba Vi milli parkında Novruz bayramı münasibətilə tədbir keçirilmişdir.
Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə Vyetnamın ən böyük milli qoruqlarından biri olan Ba Vi milli parkında Novruz bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə qeyd olunan Assosiasiyanın üzvləri, Vyetnamın dövlət və özəl strukturlarında – Kommunist Partiyası, Parlament, Ədliyyə Nazirliyi, PetroVyetnam, VietsovPetro şirkəti və s. qurumlarda müxtəlif vəzifələrdə çalışan Azərbaycan ali təhsil ocaqlarının yüz əlliyə yaxın məzunu, onların ailə üzvləri, KİV nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, tədbir iştirakçılarını salamlamış, Azərbaycanda təhsil aldıqları vaxtdan illər ötməsinə baxmayaraq vyetnamlı məzunların ölkəmizə hələ də bağlı olduqları, Azərbaycanı özləri üçün ikinci vətən hesab etdikləri, Səfirliyin keçirdiyi tədbilərdə böyük coşqu və maraqla iştirak etdikləri üçün onlara təşəkkürünü bildirmişdir. Səfir tədbir iştirakçılarına Azərbaycanın Novruz adət-ənənələri barədə geniş məlumat vermiş, Sovet İttifaqı dövründə Azərbaycanda Novruz bayramının geniş qeyd olunmasının qadağan edilməsinə baxmayaraq xalqımızın öz adət-ənənələrini qoruyub saxladığını, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının nəticəsində müstəqil və güclü ölkəmizdə hər il Novruz bayramının dövlət səviyyəsində yüksək təmtəraqla qeyd olunduğunu diqqətə çatdırmışdır. Səfir, Novruz adət-ənənələrinin qorunması ilə yanaşı dünyada tanınmasına Azərbaycan dövlətinin böyük önəm verdiyini vurğulamış, bu xüsusda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini, Azərbaycan Republikasının təşəbbüsü ilə 2010-cu ildə BMT Baş Assambleyasında 21 martın Beynəlxalq Novruz Günü elan edilməsi ilə bağlı qətnamənin qəbul edilməsini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Səfir, Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf edən bu tədbirin ölkələrimiz və xalqlarımız arasında dostluq və həmrəyliyin bariz göstəricisi olduğunu vurğulamışdır.
Daha sonra çıxış edən Vyetnam Parlamentinin deputatı, Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin Vitse-prezidenti, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Sədri Nghiem Vu Khai Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları adından Azərbaycanın Vyetnamdakı Səfirliyinin kollektivinin timsalında bütün Azərbaycan xalqının Novruz bayramı münasibətilə təbrik etmiş, Azərbaycan xalqına sülh, əmin-amanlıq, firəvan həyat arzulamışdır. O, vyetnamlı məzunların Azərbaycanda təhsil aldıqları zaman xalqımızın zəngin tarixi və mədəni irsi barədə geniş məlumat əldə etdiklərini qeyd etmiş, Azərbaycan xalqının sülhsevərliyinin və qonaqpərvərliyinin onlarda böyük təəssürat yaratdığını vurğulamışdır. Nghiem Vu Khai, məhz bu səbəbdən illər ötməsinə baxmayaraq vyetnamlı məzunların hər zaman Azərbaycanı sevdiklərini, həyatda qazandıqları uğurlara görə ölkəmizə borclu olduqlarını vurğulamışdır.
Çıxışlardan sonra xalqımızın Novruz adət-ənənələrini əks etdirən video nümayiş etdirilmiş və milli mətbəxi nümunələrindən ibarət ziyafət verilmişdir. Tədbir vyetnamlı məzunların ifasında konsert proqramı ilə davam etmişdir.
Tədbirin sonunda tonqal qalanmış və tədbir iştirakçıları ilə birlikdə tonqal ətrafında yallı rəqsi ifa olunmuşdur.