2016-11-24

24 noyabr 2016-cı ildə iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycan Respublikasının Kamboca Krallığında akkreditə olunmuş səfiri Anar İmanov bu ölkənin Turizm Naziri Thong Khon ilə görüş keçirmişdir.

Görüş zamanı Səfir Anar İmanov, 21 – 23 aprel 2014-cü ildə Kamboca Krallığının Baş Naziri Hun Senin ölkəmizə rəsmi səfərinin Azərbaycan ilə Kamboca arasında  münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu xüsusi vurğulamışdır. Səfir qeyd olunan səfər zamanı müxtəlif istiqamətlər üzrə, o cümlədən turizm sahəsində əldə olunmuş razılaşmaların reallaşdırılmasının vacibliyini qeyd etmişdir. Bu sahədə qarşılıqlı faydalı əməkdaşlığın qurulub genişləndirilməsi üçün münbit şəraitin mövcudluğuna işarə edən A.İmanov sürətlə inkişaf edən iqtisadiyyata malik Azərbaycanın son illər ərzində turizm sahəsində topladığı təcrübə və sahib olduğu böyük imkanlar ilə Kamboca ilə bölüşməyə hazır olduğunu bildirmişdir.  

Öz növbəsində Nazir Thong Khon şahid olduqları sürətli inkişafa malik Azərbaycan ilə Kamboca arasında turizm sahəsində, o cümlədən qarşılıqlı turist axının artırılması və bu istiqamətdə sərmayə qoyuluşunun təşviqi məqsədilə ixtisaslaşmış Azərbaycan şirkətlərinin ölkəsindəki fəaliyyətləri üçün münbit şəraitin yaradılacağını bildirmişdir. Həmçinin Nazir perspektivlərin detallı müzakirəsi və hüquqi bazanın yaradılması üçün 2017-ci il ərzində Azərbaycana səfər etmək niyyətində və “Turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalamağa hazır olduğunu qeyd etmişdir.    

Görüş zamanı Azərbaycan və Kamboca arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı olan zəruri tədbirlər barədə fikir mübadiləsi aparılmışdır. 

Arxiv üzrə axtarış