Cari ilin 17 noyabr tarixində Azərbaycanın Vyetnamdakı səfir Anar İmanovun Vyetnamın Ho Chi Minh şəhərində yerləşən Sosial və Humanitar Elmlər Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsində mühazirəsi təşkil olunmuşdur.
Mühazirədə səfir Anar İmanov Azərbaycanın müasir tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin xarici siyasəti, sosial-iqtisadi inkişafı, enerji siyasəti, Azərbaycan-Vyetnam münasibətləri barədə danışmışdır. Səfir 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi təhdidlər, Ermənistanın işğalçı siyasətinə dair çıxış etmiş, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyən mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri barədə məlumat vermişdir.
Cari ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinin qeyd olunduğunu bildirən səfir, ötən illər ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı nailiyyətlər, sosial-iqtisadi inkişaf, hərbi qüdrətinin artması, enerji və infrastruktur sahəsində həyata keçirilən layihələr, Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsi haqqında danışmışdır.
Azərbaycanın xarici siyasətindən bəhs edən səfir, ölkəmizin digər ölkələrlə münasibətlərinin bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslandığını qeyd etmiş və Cənub Şərqi Asiya regionunda Vyetnamla dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin Azərbaycan üçün böyük önəm kəsb etdiyini vurğulamışdır. Ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətlərindən danışan səfir bu münasibətlərin əsasının Vyetnam xalqının böyük oğlu Ho Chi Minhin 1959-cu ildə ölkəmizə və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu qeyd etmişdir. Səfir bunula yanaşı hələ 1960-70 ci illərdə Azərbaycanda minlərlə vyetnamlı tələbənin təhsil aldığını, yüzlərlə Azərbaycanlı mütəxəssislərin Vyetnamda müxtəlif sahələr üzrə xüsusən də neft sahəsində çalışdıqlarını bildirmişdir.
Səfir müasir dövrdədə iki ölkə arasında əlaqələrin inkişaf etdiyini vurğulamış, bu xüsusda 2013-cü ildə Azərbaycanın Vyetnamda səfirliyinin açılmasını, 2014-2015-ci illərdə ölkə başçılarının səfər mübadiləsini ikitərəfli əməkdaşlığın bütün sahələr üzrə inkişaf etdirilməsinə böyük təkan verdiyini vurğulamışdır.
Daha sonra Səfir Azərbaycanda təhsil imkanları barədə tələbələrə məlumat vermiş, vaxtilə Azərbaycan ali təhsil ocaqlarında təhsil almış Vyetnamlıların hazırda bu ölkənin dövlət və özəl qurumlarında - Parlamentdə, Prezident ofisində, Ədliyyə Nazirliyində, Müdafiə Nazirliyində, Petrovyetnam, Vietsovpetro, Petrolimeks şirkətlərində və digər qurumlarda yüksək vəzifələrdə çalışdığını qeyd etmiş və yeni nəsil vyetnamlıların Azərbaycanda təhsil almaq ənənəsini davam etdirməsinin faydalı olacağını bildirmişdir.
Mühazirə zamanı Azərbaycanla bağlı videolar nümayiş etdirilmiş, Səfirlik tərəfindən ölkəmiz haqqında vyetnam dilinə tərcümə olunmuş kitablar tələbələrə paylanmış və universitetin kitabxanasına təqdim olunmuşdur.