2016-10-22

2016-cı ilin 22 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Hanoy şəhərində tədbir keçirilmişdir.

Tədbirdə Vyetnam Sosialist Respublikasının Milli Assambleyanın (Parlament) millət vəkilləri, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının, “Azərbaycanın Mədəniyyəti və Tarixinin Araşdırmaları Mərkəzi”nin, müxtəlif dövlət və qeyri-dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş nitqi ilə açan səfir Anar İmanov geniş təqdimatla çıxış etmiş, Azərbaycan Respublikasının 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa edən Azərbaycanın tarixi və inkişaf yolu, ölkəmizin qurulması və inkişafında ümummilli lider Heydər Əliyevin rolu, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti və bunun nəticələri, 20 yanvar hadisələri, Azərbaycanın iqtisadi, o cümlədən enerji və humanitar sahələrdəki siyasət, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti, habelə Azərbaycan – Vyetnam münasibətlərinin tarixi və bu günkü inkişafı barədə tədbir iştirakçılarına dolğun məlumat vermişdir. A.İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın regionda müasir, güclü dövlətə çevrilərək sürətlə inkişaf etdiyini və dövlətimiz tərəfindən Cənubi Qafqaz bölgəsində müxtəlif genişmiqyaslı layihələrin həyata keçirildiyini qeyd etmişdir.

Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, xalqın tələbi ilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıtması və dövlətimizin müstəqilliyinin gücləndirilməsi istiqamətində atdığı əməli addımlar haqqında iştirakçılara ətraflı məlumat vermişdir. 

Həmçinin A.İmanov 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri və bu səfərin xalqlarımız arasında əlaqələri daha da möhkəmlətdiyini xüsusi qeyd etmişdir.

Eyni zamanda A.İmanov 18-19 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfərinin, 13-15 may 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Truonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin uğurla həyata keçirildiyini qeyd etmişdir.

Daha sonra tədbirdə iştirak edən Vyetnamın Elm və Texnologiya Assosiasiyaları Birliyinin Vitse-Prezidenti, millət vəkili  Nghiem Vu Xai Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Vyetnamın hərtərəfli inkişafına böyük töhfə verdiyini, bunun heç bir zaman Vyetnam xalqının yaddaşından silinməyəcəyini, Ulu Öndərin hazırkı Azərbaycan-Vyetnam münasibətlərinin banisi olduğunu xüsusi vurğulayaraq, hazırda iki ölkə arasında siyasi əlaqələrin genişləndirilməsi ilə yanaşı münasibətlərin bütün spektri, o cümlədən elm istiqaməti üzrə qarşılıqlı faydalı əməkdaşlığın sürətlə dərinləşdirildiyini bildirmişdir. Dövlət müstəqilliyin ildönümü münasibətilə təbrik edən Nghiem Vu Xai Azərbaycan xaqlının suverenliyin əldə olunması üçün kəskin mübarizə yolundan keçdiyini yüksək dəyərləndirərək ölkə inkişafının əyani şahidi olmaq üçün buraya səfər etməsinin zəruriliyinə işarə etmişdir. Hazırkı dünyada elmin mühüm yer tutduğunu söyləyən millət vəkili bu sahədə sıx əməkdaşlığın qurulmasının vacibliyini qeyd etmişdir, Həmçinin 2017-ci ildə Vyetnam ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25-ci ildönümünün qeyd ediləcəyini söyləyən Nghiem Vu Xai bu münasibətlə Vyetnamda dövlət səviyyəsində çoxlu sayda tədbirlərin təşkil olunacağını bildirmişdir. 

Tədbirdə çıxış edən digər deputat Dang The Vinh son illər ərzində ikitərəfli münasibətlər çərçivəsində parlamentlərarası əlaqələrin genişləndiyini bildirərək bu sahədə qarşılıqlı səfərlər həcminin artdığını bildirmişdir. Dövlət müstəqilliyi ilə bağlı təbriklərini izhar edən millət vəkili keçən 25 il ərzində Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun möhkəmləndiyinin şahidi olduğunu qeyd edərək qazanılan bu kimi uğurların hər bir dövlət üçün həyatı əhəmiyyət kəsb etdiyini və həmin nailiyyətlərin əldə olunmasının Azərbaycanın suveren ölkə kimi mövcudluğunu bir daha isbat etdiyini söyləmişdir. 14-cü çağıırış Milli Assambleyasında formalaşacaq Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlüyünə seçiləcəyinə ümid edən Dang The Vinh hər iki ölkənin dövlət başçıları arasındakı səmimi siyasi münasibətlərin mövcudluğunun ənənəvi dostluq əlaqələrinin dərinləşdirilməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.      

Öz növbəsində tədbirdə iştirak edən “Azərbaycanın Mədəniyyəti və Tarixinin Araşdırmaları” Mərkəzinin rəhbəri Dao Xuan Tien iki ölkə arasında humanitar sahələrdəki əlaqələrin sürətlə inkişaf etdirildiyini söyləyərək rəhbərlik etdiyi qurumun Azərbaycanın nəinki Vyetnamda, hətta bütün Cənub-Şərqi Asiya regionunda təbliğ etdiyini bildirmişdir. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqının dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək suverenliyin əldə etməsinin ildönümü münasibətilə təbrik edən Dao Xuan Tien iki ölkə arasında elmi-mədəni əlaqələrin daha da sıx olacağına əminliyini ifadə etmişdir.

Toplantı iştirakçıları arasında olan Vyetnam ziyalısı Doan Danh Nghiep Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dünyanın görkəmli siyasətçiləri arasında ön sırada olduğunu xüsusi vurğulayaraq Ulu Öndərin 1983-cü ildə Vyetnama rəsmi səfəri zamanı həmin şəxsiyyəti müşayiət və tərcümə etməkdən şərəf hissi keçirdiyini xüsusi vurğulamışdır.  

Tədbir zamanı iştirakçılar tərəfindən çoxlu sayda edilən çıxışlarda ölkəmizin dövlət müstəqilliyinin ildönümü münasibətilə təbriklər izhar olunaraq son 25 il ərzində Heydər Əliyev və İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurları və ölkəmizin misilsiz sürətli inkişafı yüksək dəyərləndirilmişdir.  

Tədbir çərçivəsində iştirakçılara Azərbaycanın müstəqil dövlət quruculuğu yoluna, son illərdəki hərtərəfli inkişafına, müxtəlif sahələrdə qazandığı uğurlara, habelə tarixi və turizm məkanlarına, memarlıq abidələrinə, incəsənətinə və mətbəxinə dair video nümayiş etdirilmişdir.  

Arxiv üzrə axtarış