Prezident İlham Əliyev: Bu il bizim beynəlxalq mövqelərimiz möhkəmlənib
Bu il bizim beynəlxalq mövqelərimiz möhkəmlənib. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.
Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd edən dövlət başçısı bunlardan birinin İslam Əməkdaşlıq Təşkilatı olduğunu, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıldığını bildirib və əlavə edib ki, kontakt qrupu artıq öz işinə başlayır. Prezident qeyd edib ki, Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu.
Bu yaxınlarda Qoşulmama Hərəkatının - BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunması haqqında qərar qəbul edildiyini xatırladan Prezident deyib: “Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur”.