Azərbaycanın Vyetnamdakı Səfirliyi və Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam Mədəniyyətlərinin Paralelləri. Multikulturalizm: Sülhə və Sabitliyə Aparan Yol.” mövzusunda konfrans keçirilmişdir
Cari ilin 17 may tarixində Azərbaycanın Vyetnamdakı Səfirliyi və Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam Mədəniyyətlərinin Paralelləri. Multikulturalizm: Sülhə və Sabitliyə Aparan Yol.” mövzusunda konfrans keçirilmişdir. Konfransda Vyetnamın dövlət qurumlarının və kommunist partiyasının nümayəndələri, elm xadimləri, gənc tədqiqatçılar, tələbələr, Azərbaycan ali təhsil ocaqlarının Vyetnamlı məzunları, KİV nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Azərbaycan və Vyetnam xalqları arasında tarixən mövcud olan dostuq münasibətlərindən danışmış, Vyetnamın keçmiş Prezidenti Ho Chi Minhin 1959-cu ildə ölkəmizə səfəri və Azərbaycan xalqının ümummilli lideri Heydər Əlieyvin 1983-cü il Vyetnama səfəri ilə iki xalq arasında dostluq münasibətlərin əsasının qoyulduğunu diqqətə çatdırmışdır. Səfir dostluq münasibətlərinin müasir dövrdə də uğurla davam etdirildiyini qeyd etmiş və bu xüsusda 2014-cü il 18-19 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfəri və 2015-ci ilin 13-15 may tarixlərində Vyetnam Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərlərinin bütün sahələr üzrə ikitərəfli münasibətlərin inkişafına böyük töhfələr verdiyini vurğulamışdır.
Səfir A. İmanov, hər iki xalqın mədəniyyətlərindəki oxşarlıqların dostluq münasibətlərinin daha da möhkəmlənməsində böyük rol oynadığını vurğulamış, vətənə və millətə sevgi, ailə dəyərlərində oxşarlıq, qonaqpərvərlik, milli adət ənənələrin qorunub saxlanması və digər oxşarlıqları misal olaraq göstərmişdir. Səfir həmçinin Azərbaycanın milli bayramı olan Novruz Bayramının və Vyetnamda ay təqvimi ilə keçirilən Yeni İl Bayramının qeyd olunmasında bir çox oxşarlıqların mövcud olduğunu diqqətə çatdırmışdır. Səfir A. İmanov, bu konfransın Azərbaycanın mədəniyyəti, adət-ənənələri haqqında məlumatların Vyetnam xalqına çatdırılmasında böyük rol oynadığını qeyd etmiş və hər iki xalqın bir-biri haqqında daha geniş məlumat əldə etdikcə dostluq əlaqələrinin daha da inkişaf edəcəyini vurğulamışdır.
Daha sonra səfir A. İmanov 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmış və multikulturalizm sahəsində ölkəmizdə həyata keçirilmiş dövlət siyasəti barədə məlumat vermişdir. Səfir cari ilin aprel ayında ölkəmizin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdiyni və tədbirdə 140-dan artıq ölkənin iki minə yaxın nümayəndəsinin iştirak etdiyini bildirmişdir. Səfir belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinin cənab Prezident İlham Əliyevin rəhbərliyi altında mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olduğunu vurğulamışdır. Səfir, multikulturalizmin inkişafa, sülhə və sabitliyə aparan əsas amillərdən biri olduğunu bildirimiş və ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığını vurğulamışdır.
Daha sonra çıxış edən Azərbaycan Tarixinin və Mədəniyyətinin araşdırmaları Mərkəzinin Direktoru Dao Xuan Tien, Azərbaycan və Vyetnam xalqlarının qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu, uzun illər xarici işğalçılara qarşı mübarizə aparan hər iki xalqın öz suverenliyini, mədəniyyətini, adət-ənənələrini qorudğunu və hər iki xalqın dünyada sülhsevər xalq kimi tanındığını vurğulamışdır. Dao Xuan Tien, uzun sürən müharibədən sonra müxtəlif sahələr üzrə Vyetnamın inkişafına öz töhfəsini vermiş azərbaycanlı mütəxəssislərin fəaliyyətini, xalqlarımız arasında fədakar dostluq münasibətlərinin bariz numunəsi kimi qiymətləndirmiş və Vyetnam xalqının bu yaxşılığı heçzaman unutmayacağını vurğulamışdır. O, hazırda hər iki ölkənin sürətlə inkişaf etdiyini, müasirləşdiyini, bununla belə öz tarixi abidələrini və mədəniyyət nümunələrini qoruyub saxlamasının böyük əhəmiyyət kəsb etdiyini vurğualmışdır.
Tədbirdə çıxış edən Vyetnam Xarici İşlər Nazirliyinin Mədəni Diplomatiya və YUNESKO idarəsinin rəis müavini, səfir Vu Binh son illər iki ölkə arasında əməkdaşlığın inkişafından söhbət açmış, 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfərini bu baxımdan donüş nöqtəsi olduğunu vurğulamışdır. O, qeyd olunan səfərdən sonra iki ölkə arasında qarşılıqlı səfərlərin davam etdirildiyini və müxtəlif sahələr üzrə əməkdaşlığın möhkəmləndiyini vurğulamışdır. Vu Binh, Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasətinin artıq bir örnəyə çevrildiyini və bu sahədə Vyetnamla təcrübə mübadiləsinin faydalı olacağını bildirmişdir. Vu Binh, multikulturalizmin xüsusilə müasir dövrümüzdə etnik, dini, irqi zəmində baş verən münaqişələrin həll olunmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Daha sonra çıxış edən Vyetnamın Elm və Texnologiya Assosiasiyaları Birliyinin Vitse-Prezidenti Nghiem Vu Khai, Azərbaycanda təhsil aldığı illərdə ölkəmizin tarixi, mədəniyyəti, adət-ənələri ilə yaxından tanış olmaq imkanı qazandığını və hər iki xalqın mədəniyyətində ortaq cəhətlərin çox olduğunu vurğulamışdır. O, Azərbaycan xalqının çalışqanlığı, mehribanlığı, qonaqpərvərliyi, yardımsevərliyini xüsusi vurğulamış və məhz bu müsbət xüsusiyyətləri ilə əlaqədar olaraq heç zaman ölkəmizdə vyetnamlı tələbələrin özlərini yad hiss etmədiklərini və Azərbaycanı özləri üçün ikinci vətən hesab etdiklərini vurğulamışdır.
Konfransda həmçinin Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktor müavini Van Dinh Ung, Hanoy Sosial Elmlər və Texnologiya Universitetinin Professoru və Vyetnam Şairlər Assosiasiyasının sədri Bui Minh Tri, Vyetnam Dövlət Universitetinin Professoru Nguyen Chu Hoi, Geologiya və Mineral Resurslar İnstitutunun Professoru Vo Xuan Dinh, Vyetnam Ədliyyə Nazirliyinin Demokratiya və Hüquq qəzetinin jurnalisti Phung Ngoc Duc,“Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibi Tran Thi Phuong Thao çıxış etmişlər.
Konfransda Azərbaycanda multikulturalizm ənənələrini özündə əks etdirən video nümayiş etdirilmiş, tədbir iştirakçılarına İRS jurnalının Vyetnam dilində buraxılışı paylanmışdır.
Konfrans zamanı 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda keçirilmiş musiqi festivalında Vyetnamlı tələbələr ansamblının ifa etdiyi Q. Qarayevin “Xəzər Neftçiləri Haqqında” mahnının lent yazısının nümayiş etdirilməsi və Azərbaycanda təhsil almış Dang Thi Lan Anh tərəfindən T. Hacıyevin “Tələbə” mahnısının canlı ifası tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.